Yüksək sidik turşusu (hiperurikemiya) uzun müddət simptom vermədən irəliləyə bilər. Lakin zamanla oynaq ağrıları, böyrək problemləri və digər ciddi fəsadlara səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sidik turşusu bədəndə purin adlı maddələrin parçalanması nəticəsində yaranır və normal halda böyrəklər vasitəsilə orqanizmdən xaric edilir. Lakin bu maddə bədəndə artıq toplandıqda hiperurikemiya yaranır.
Həkimlər bildirirlər ki, yüksək sidik turşusu səviyyəsi gut, böyrək daşı, yüksək təzyiq, şəkərli diabet, ürək-damar və yağlı qaraciyər xəstəlikləri ilə əlaqəli ola bilər. Müalicə olunmadıqda oynaqlara, sümüklərə və vətərlərə zərər verə bilər.
Risk yaradan əsas amillər arasında qırmızı ət, içalat, bəzi dəniz məhsulları, yüksək şəkərli qidalar və spirtli içkilər göstərilir. Bəzi qan təzyiqi dərmanları və sidikqovucular da sidik turşusunu artıra bilər.
Mütəxəssislər qeyd edirlər ki, gut zamanı ən çox ayağın baş barmağında güclü ağrı, şişkinlik və qızartı yaranır. Böyrək daşlarında isə bel ağrısı, ürəkbulanma, sidikdə qan və tez-tez sidiyə getmə müşahidə oluna bilər.
Həkimlər bol su içməyi, tərəvəz və meyvə qəbulunu artırmağı, həddindən artıq heyvan mənşəli zülaldan və spirtdən uzaq durmağı tövsiyə edirlər. Sidik turşusunun səviyyəsi sadə qan analizi ilə müəyyən edilə bilər.
Tərcümə: Könül Oruc