Ümumdünya Səhiyyə Təşkilatı üzrə ekspert Andrey Demin marmeladın tərkibində olan bəzi maddələrin sağlamlıq üçün risk yarada biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə sintetik rəngləndiricilər, ətirlər və konservantlar olan məhsullar diqqətlə seçilməlidir.
E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, bu cür məhsullar tez-tez “zərərli qida” kateqoriyasına daxil edilir və müntəzəm istehlak edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara piylənmə, həzm pozğunluqları, allergik reaksiyalar və bəzi hallarda daha ciddi xəstəlik riskləri daxildir.
Andrey Demin vurğulayır ki, əsas problem məhsulların tərkibindəki yüksək şəkər miqdarı və kimyəvi əlavələrin çoxluğudur. Bu isə həm uşaqlar, həm də böyüklər üçün sağlamlıq baxımından arzuolunmaz nəticələr yarada bilər.
Aparılan yoxlamalara görə, bazarda olan bəzi marmelad məhsulları keyfiyyət standartlarına tam cavab vermir. Bu səbəbdən mütəxəssislər istehlakçılara məhsul seçərkən tərkibə diqqət yetirməyi tövsiyə edir.
Ekspertlər hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması üçün bu cür məhsullar üzərində nəzarət gücləndirilməli və xüsusilə idxal olunan məhsullar daha ciddi yoxlanmalıdır.
Tərcümə: Könül Oruc