ABŞ-də yaradılmış “OpenEvidence” startapı süni intellektin gücündən istifadə edərək həkimlərə tibbi tədqiqatlar içində ən düzgün məlumatları tapmaqda kömək edir.
E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin təsisçisi və baş direktoru Daniel Nadler bu layihə ilə 3,5 milyard dollar dəyərində investisiya cəlb edib və şəxsi sərvəti 2,3 milyard dollara çatıb.
Tibbi ədəbiyyatın hər 30 saniyədə bir yeni məqalə ilə yeniləndiyi dövrdə həkimlər bu informasiya axınını idarə etməkdə çətinlik çəkirlər. “OpenEvidence” isə milyonlarla elmi məqaləni analiz edərək, həkimlərə ən uyğun məlumatları tez təqdim edir. Proqram yalnız lisenziyalı həkimlər üçün pulsuzdur və gəlirlərini əsasən reklam vasitəsilə əldə edir.
2022-ci ildə yaradılan şirkət artıq ABŞ-dəkı həkimlərin 40 faizini – 430 mindən çoxunu öz platformasına cəlb edib. Süni intellekt aləti hər ay 8,5 milyon konsultasiyada istifadə olunur və hazırda 50 milyon dollar illik reklam gəliri gətirir.
Şirkətin digər qurucusu, texniki direktor Zak Ziegler Harvardda maşın öyrənməsi üzrə doktorant olub. Onların şəxsi həyat təcrübələri – ailədə tibbi səhvlər və xəstəliklərlə bağlı yaşananlar bu təşəbbüsə ilham verib.
“OpenEvidence”in ən son funksiyası “DeepConsult” adlanır və bu, alətə mürəkkəb tibbi mövzuları mərhələli şəkildə analiz etməyə imkan verir. Müxtəlif tədqiqatları birləşdirərək, həkimlərə sanki bir tədqiqat qrupunun dəstəyi ilə işləmək imkanı yaradır.
Bəzi mütəxəssislər süni intellektin səhvlərə yol verə biləcəyini xatırlatsa da, startapın əsas üstünlüyü mötəbər elmi mənbələrə istinad etməsi və informasiyanı daha əlçatan şəkildə təqdim etməsidir. Nadler deyir: “Zibil daxil etsən, zibil çıxar. Qızıl daxil etsən, qızıl çıxar”.
Hələlik yalnız səhiyyə sahəsinə fokuslanan şirkət gələcəkdə digər ölkələrdə də həkimlərə dəstək göstərməyi planlaşdırır.