Microsoft süni intellekt texnologiyalarında yeni bir mərhələyə qədəm qoydu. Şirkət bildirib ki, yeni hazırlanan süni intellekt sistemi mürəkkəb tibbi hallarda mütəxəssis həkimlərdən daha dəqiq diaqnoz qoya bilir.
E-saglam.az xəbər verir ki, bu texnologiyanın əsas məqsədi həkimlərin işini əvəz etmək yox, onları dəstəkləməkdir. Sistem, səhiyyə xidmətlərinə çıxışın məhdud olduğu bölgələrdə tibbi yardımı əlçatan etməklə daha ədalətli bir səhiyyə sistemi qurmaq potensialına malikdir.
Tibbi komandanı təqlid edən süni intellekt
“Microsoft AI” şirkətinin rəhbəri Mustafa Süleymanın komandasının hazırladığı sistem, OpenAI-nin qabaqcıl "o3" modeli ilə işləyir. Sistem məşhur New England Journal of Medicine (NEJM) jurnalından götürülmüş 300-dən çox çətin klinik hal üzərində sınaqdan keçirilib. NEJM-də yer alan bu hallar adətən həkimlər üçün təlim və diaqnostik bacarıqları qiymətləndirmək məqsədilə hazırlanır.
Nəticələrə görə, süni intellekt halların 80 faizindən çoxunda düzgün diaqnoz qoymağı bacarıb. Halbuki eyni hallarda tək işləyən həkimlərin uğur göstəricisi cəmi 20 faiz olub.
Həkim kimi düşünür, analiz tələb edir
Microsoft-un açıqlamasına görə, sistem yalnız diaqnoz qoymaqla kifayətlənmir – o, həkim kimi suallar verir, analizlər təklif edir və vəziyyətə uyğun plan qurur. Rentgen, qan testi kimi nəticələri tələb edərək, diaqnostikanı daha dəqiq aparır. Bununla yanaşı, hansı testlərin daha səmərəli olduğunu təyin edərək həm vaxtı, həm də maliyyə vəsaitini optimallaşdıra bilir.
Həkimləri əvəz etmir, dəstəkləyir
Microsoft süni intellektin həkimləri əvəz etməyəcəyini açıq şəkildə bildirir. Şirkətə görə, bu texnologiya tibbin müxtəlif sahələrindən məlumatları bir araya gətirərək, həkimlərə qərar verməkdə əvəzolunmaz dəstək verə bilər.
“Həkimlərin rolu yalnız diaqnoz qoymaqla məhdudlaşmır. Onlar qeyri-müəyyənliklərlə işləyir, xəstə və ailəsi ilə güvən qururlar – bu isə hələ ki, süni intellektin bacara bilmədiyi bir sahədir”, – deyə şirkətin rəsmi bloq yazısında qeyd olunur.
Tibbi superzəkaya doğru
Microsoft bu texnologiyanı “tibbi superzəkaya gedən yol” kimi qiymətləndirir. Mustafa Süleyman bildirib ki, bu sistem 5-10 il ərzində demək olar ki, xətasız ola bilər. Süni intellekt texnologiyalarının inkişafı xüsusilə həkim çatışmazlığı olan regionlarda tibbi yardımı əlçatan edəcək, yeni elmi bilikləri isə qlobal səviyyədə bərabər paylamağa imkan verəcək.
Tərcümə: Könül Oruc