Səhər yeməyi günün ən vacib yeməklərindən biridir. Əgər bu yemək yalnız yumurtadan ibarətdirsə, bədən bir sıra vacib vitamin və minerallardan məhrum qala bilər.
E-saglam.az xəbər verir ki, yumurta zülalla zəngin, sərfəli və praktiki olsa da, təkbaşına yetərli deyil. Mütəxəssislər xəbərdarlıq edir: hər səhər yalnız yumurta yemək uzun müddətdə həzm sisteminə, immunitetə və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Yumurta hər şey deyil
Yumurta zülal, sağlam yağlar və bəzi vitaminlərlə zəngindir. Amma C vitamini, lif və kompleks karbohidratlar kimi vacib maddələri ehtiva etmir. Bu çatışmazlıqlar həzmsizlik, qan şəkəri pozuntusu və ürək sağlamlığı ilə bağlı problemlərə yol aça bilər.
Diyetoloqlar bildirirlər ki, yalnız yumurtaya əsaslanan səhər yeməyində meyvə, tərəvəz və tam taxıl kimi əsas qida qrupları unudulur. Halbuki bu məhsullar lif və antioksidantlarla zəngindir və immun sistemini gücləndirir.
Vitamin və antioksidant çatışmazlığı
Yumurta bəzi antioksidantlar ehtiva etsə də, meyvə və tərəvəzlər qədər zəngin deyil. Məsələn, C vitamini yumurtada ümumiyyətlə yoxdur. Bu isə immuniteti zəiflədir, dəri sağlamlığını və dəmirin orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirə bilər.
Mütəxəssislər səhər yeməyinə çiyələk, bibər və ya bir stəkan təzə portağal suyu əlavə etməyi tövsiyə edirlər.
Enerji azlığı və zəif zehni performans
Yalnız yumurtadan ibarət olan səhər yeməyi karbohidrat cəhətdən kasaddır. Bu isə günün əvvəlində tez yorğunluq və enerjisizliklə nəticələnə bilər. Yulaf, tam taxıl çörəyi və ya şirin kartof kimi qidalar həm enerji verir, həm də beyin fəaliyyətini dəstəkləyir.
Bundan başqa, tək heyvan mənşəli zülallara əsaslanan pəhriz bitki əsaslı faydalı maddələr – fitonutrientlər və flavonoidlərin çatışmazlığına səbəb ola bilər.
Xolesterola diqqət
Sağlam insanlar üçün gündə bir neçə yumurta yemək təhlükəli sayılmasa da, yüksək xolesterolu və ürək xəstəliyi riski olanlar diqqətli olmalıdır. Belə şəxslərə yumurtanın daha çox ağ hissəsini istifadə etmək tövsiyə olunur.
Müxtəliflik həm sağlam, həm davamlı seçimdir
Eyni səhər yeməyini hər gün yemək motivasiyanı azaldır və gün ərzində zərərli qəlyanaltılara meyli artırır. Kiçik dəyişikliklər – məsələn, meyvə və tərəvəz əlavə etmək – həm qida balansını qoruyur, həm də günə zövqlə başlamağa kömək edir.
Unutmayın: yumurta səhər yeməyinin vacib hissəsi ola bilər, amma yeganə seçim olmamalıdır. Balanslı bir səhər yeməyi sağlam günün və sağlam gələcəyin əsasını qoyur.
Tərcümə: Könül Oruc