Qoz və fındıq sağlam qidalanmanın ən dəyərli məhsulları hesab olunsa da, mütəxəssislər bildirirlər ki, onları eyni faydaya malik qidalar kimi qiymətləndirmək düzgün deyil.
E-saglam.az xəbər verir ki, hər iki çərəz sağlamlıq üçün əhəmiyyətli üstünlüklər təqdim etsə də, qida tərkibi və orqanizmə təsirləri fərqlidir.
Qoz beyin və ürək sağlamlığını dəstəkləyir
Dietoloqların sözlərinə görə, qoz bitki mənşəli omeqa-3 yağ turşuları (ALA) baxımından ən zəngin çərəzlərdən biridir. Bu xüsusiyyətinə görə yaddaşın, diqqətin və beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.
Bundan əlavə, qoz "pis" xolesterolun (LDL) azalmasına, damar elastikliyinin qorunmasına və ürək-damar sağlamlığının dəstəklənməsinə kömək edə bilər. Xüsusilə yüksək zehni fəaliyyət tələb edən işlə məşğul olanlar və ürək-damar xəstəlikləri riski olan şəxslər üçün faydalı seçim hesab olunur.
Fındıq hüceyrələrin bərpasına və immunitetə dəstək verir
Fındıq isə E vitamini, fol turşusu, maqnezium və kalsium baxımından zəngindir. Bu maddələr dəri sağlamlığının qorunmasına, hüceyrələrin yenilənməsinə, immun sisteminin güclənməsinə və sümük-əzələ sisteminin dəstəklənməsinə kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, fındıq əzələ spazmlarının qarşısının alınmasına və enerji mübadiləsinin yaxşılaşmasına da müsbət təsir göstərə bilər.
Hansı daha faydalıdır?
Qidalanma mütəxəssislərinin fikrincə, bu suala vahid cavab yoxdur. Seçim insanın sağlamlıq məqsədindən asılıdır:
Beyin sağlamlığı, yaddaş, diqqət və xolesterolun tənzimlənməsi ön plandadırsa, qoz daha uyğun seçimdir.
Dəri sağlamlığı, E vitamini qəbulu, immunitet və əzələ-sümük sisteminin dəstəklənməsi məqsədi varsa, fındıq üstünlük təşkil edir.
İstehlak zamanı bunlara diqqət edin
Mütəxəssislər həm qozun, həm də fındığın çiy və duzsuz şəkildə istehlak edilməsini tövsiyə edirlər. Yüksək temperaturda qovrulmuş məhsullar faydalı yağ turşularının və bəzi vitaminlərin bir hissəsini itirə bilər.
Gündəlik qəbul üçün təxminən 2–3 ədəd qoz ləpəsi və ya bir ovuc (25–30 qram) çiy fındıq kifayət hesab olunur. Bununla yanaşı, çərəzlərin yüksək kalorili olduğunu nəzərə alaraq onların normadan artıq istehlak edilməməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc