Endokrinoloq Zuxra Pavlova qocalma sürətini və gələcəkdə hərəkət qabiliyyətinin azalması riskini qiymətləndirməyə kömək edən sadə bir testdən danışıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, test üçün yalnız stul və saniyəölçən lazımdır. İnsan qollarından istifadə etmədən stuldan ardıcıl 5 dəfə qalxıb yenidən oturmalıdır.
Nəticələr belə qiymətləndirilir:
- 10 saniyədən az – yaxşı nəticə hesab olunur.
- 10-15 saniyə – fiziki aktivliyin artırılmasına ehtiyac ola bilər.
- 15 saniyədən çox – gələcəkdə hərəkətlilik problemləri riskinin yüksək olduğunu göstərə bilər.
Həkim bildirib ki, bu test ayaq əzələlərinin gücünü, tarazlığı və bədənin hərəkətləri idarə etmə qabiliyyətini qiymətləndirməyə kömək edir. Bu göstəricilərin zəifləməsi isə çox vaxt insan tərəfindən gec hiss olunur.
Endokrinoloqun sözlərinə görə, hərəkət qabiliyyətinin azalması yaşlı dövrdə müstəqil həyat sürmək imkanını məhdudlaşdıra bilər.
Mütəxəssis hərəkətliliyi qorumaq üçün müntəzəm gəzintiləri, güc məşqlərini və tarazlığı inkişaf etdirən hərəkətləri tövsiyə edir. O vurğulayıb ki, hətta gündəlik fiziki aktivlik belə sağlam qocalmağa və həyat keyfiyyətinin uzun müddət qorunmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc