Klinik psixoloq Yelena İlyina uzunmüddətli və harmonik münasibətlər üçün tərəfdaşlar arasındakı optimal yaş fərqi barədə danışıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, münasibətlər üçün universal formula yoxdur. Çünki hər insan fərqlidir və uğurlu münasibət bir çox amildən asılıdır. Bunlara ortaq həyat məqsədləri, oxşar dəyərlər, karyera, istirahət və uşaq tərbiyəsinə baxış daxildir.
Psixoloq hesab edir ki, tərəfdaşların eyni nəslə yaxın olması münasibətlərdə qarşılıqlı anlaşmanı asanlaşdırır. Bu zaman insanların həyat tərzi, düşüncə forması və dünyagörüşü daha yaxın olur.
İlyina böyük yaş fərqinin bəzi risklər yarada biləcəyini də bildirib. Onun sözlərinə görə, belə münasibətlər zamanla “valideyn–övlad” və ya “xəstə–qayğı göstərən” modelinə çevrilə bilər. Bundan əlavə, enerji səviyyəsi, sağlamlıq, qısqanclıq, emosional gərginlik və qarşılıqlı anlaşma problemləri də yarana bilər.
Psixoloq qeyd edib ki, münasibətlərdə ideal yaş fərqi təxminən 7 il hesab olunur. Bu fərq tərəfdaşların eyni nəslə yaxın qalmasına və oxşar həyat ritmini paylaşmasına kömək edir.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, xoşbəxt münasibətin əsasını hər zaman sevgi, hörmət və qarşılıqlı anlayış təşkil edir.
Tərcümə: Könül Oruc