Tibb elmləri namizədi Aleksandr Neimark piylənmə ilə mübarizədə bioloji aktiv əlavələrdən (BAƏ) istifadə edilməsinin təhlükəli ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, o, rusiyalı "Lenta.ru" portalına verdiyi müsahibəsində vurğulayıb ki, pəhriz əlavələri piylənmənin klinik müalicəsini əvəz etmir və onların təsiri çox zaman sübuta yetirilməyib.
Neimarka görə, arıqlamaq üçün nəzərdə tutulan dərmanlar klinik sınaqlardan keçərək effektivliyi və təhlükəsizliyi ilə təsdiqlənir. Qida əlavələri isə bu sınaqlardan keçmədən, sadəcə istehsalçıların təqdimatına əsasən satışa çıxarılır. Buna görə də onların effektivliyi ciddi şəkildə sual altındadır.
Ekspert qeyd edib ki, dərmanlar bədənə məqsədyönlü təsir göstərir – iştahı azaldır, yağların udulmasını məhdudlaşdırır və maddələr mübadiləsini tənzimləyir. Əksinə, qida əlavələrinin təsiri çox zaman dolayı olur: işlədici, sidikqovucu və ya stimullaşdırıcı təsir göstərərək çəkini yalnız müvəqqəti şəkildə azalda bilər.
Bununla yanaşı, nəzarətsiz şəkildə qəbul edilən BAƏ-lar orqanizmə ciddi ziyan vura bilər. Artıq vitamin və mineral yığılması, qan təzyiqinə təsir və digər dərmanlarla qarşılıqlı təsir kimi mənfi nəticələr mümkündür.
Neimark "inert terapiya" adlandırılan bir problemə də diqqət çəkib. Bu zaman xəstəyə ehtiyacı olan tibbi müdaxilə əvəzinə təsirsiz tövsiyələr verilir – məsələn, bariatrik cərrahiyyəyə ehtiyacı olan xəstəyə sadəcə pəhriz və ya əlavələr təklif olunur.
“Piylənmə ciddi və xroniki xəstəlikdir. Məsələn, 160 kiloqram çəkisi olan biri 30 kiloqram arıqlasa belə, bu onun tibbi problemini tam həll etmir. Ən təhlükəli məqam isə xəstələrin real müalicəyə ayıra biləcəyi vaxtın bu təsirsiz vasitələrlə boşa xərclənməsidir”, – deyə Neimark xəbərdarlıq edib.
Tərcümə: Könül Oruc