Gözlər altındakı torbalar təkcə yorğunluğun deyil, bəzi xəstəliklərin də əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, Alman Diaqnostika və Müalicə Mərkəzinin mütəxəssisi Maksim Rıkov gözlər altındakı torbaların yaranma səbəblərini izah edib.
Mütəxəssisin sözlərinə görə, bu problemin səbəblərini üç əsas qrupa bölmək olar.
Birinci qrupa həyat tərzi ilə bağlı amillər daxildir. Xroniki stress, yuxusuzluq, həddindən artıq yorğunluq, duzlu qidaların çox qəbulu, alkoqol və siqaret istifadəsi, həmçinin yatmazdan əvvəl makiyajın təmizlənməməsi gözlər altında şişkinlik və torbaların yaranmasına səbəb ola bilər.
İkinci qrup səbəblər genetik və anatomik xüsusiyyətlərlə bağlıdır. Bunlara yaşla əlaqədar yaranan piy yırtıqları və üz nahiyəsində piy toxumasının toplanması nəticəsində əmələ gələn malar torbaları daxildir.
Mütəxəssis bildirib ki, üçüncü qrup daha ciddi yanaşma tələb edir. Bu qrupa böyrək xəstəlikləri, qalxanabənzər vəzin funksiyasının zəifləməsi (hipotiroidizm), ürək çatışmazlığı, allergik reaksiyalar və sinusit kimi qulaq-burun-boğaz xəstəlikləri daxildir.
Həkim gözlər altındakı torbaların uzun müddət davam etməsi və ya digər əlamətlərlə müşayiət olunması halında mütləq həkim müayinəsindən keçməyi tövsiyə edib.
Tərcümə: Könül Oruc