Küçə satıcılarından alınan şaurma ciddi sağlamlıq riski yarada bilər.
E-saglam.az xəbər verir ki, həkim və genetik məsləhətçi İrina Nalimova bu barədə xəbərdarlıq edib.
Mütəxəssis vurğulayır ki, şaurmanın özü "zərərli qida" deyil. Düzgün hazırlandıqda balanslı bir yemək ola bilər. Problem ondadır ki, küçədə satılan hallarda antisanitar şərait, souslardakı toksinlər, kanserogenlər və artıq duz miqdarı bu yeməyin faydasını zərərə çevirir.
Nalimovaya görə, hər kəs şaurma yeyə bilməz - bu yemək bir neçə kateqoriya insan üçün ciddi əks göstərişdir.
Qastrit və reflüksdən əziyyət çəkən insanlar bu siyahının başındadır. Yağlı ətlər, acı sous və çiy soğan mədə turşusunun həddindən artıq ifrazına və şiddətli ürək yanmasına səbəb olur. Adi bir şam yeməyi belə əzablı bir gecəyə çevrilə bilər.
Pankreatiti olan insanlar üçün isə bu sadəcə narahatlıq deyil, ciddi təhlükə mənbəyidir. Hətta bir yağlı şaurma porsiyası belə xəstəxanaya yatmağı tələb edən pankreatit ağırlaşmasına səbəb ola bilər.
Artıq çəkiyə meylli olanlar da diqqətli olmalıdır. Bir porsiya şaurma 600-900 kaloriya, böyük ölçülüsü isə 1200 kaloriyə qədər çata bilər - bu, qadının gündəlik kalori normasının yarısına bərabərdir. Lavaşdakı ağ un və sousdakı şəkər toxluq hissini qısa müddətə saxladığından insanlar çox vaxt normadan artıq yeyir və nəticədə çəki alırlar.
Nalimova şaurmanı yalnız bir halda "şərti olaraq təhlükəsiz" hesab edir: təzə yağsız ət, tam taxıllı lavaş və yüngül qatıq sousu ilə evdə hazırlandıqda.
Tərcümə: Könül Oruc