Bir çox xəstəlik ilkin mərhələdə simptomsuz inkişaf edir. Mütəxəssislər bildirirlər ki, müntəzəm qan analizləri ciddi sağlamlıq problemlərini erkən aşkar etməyə və risklərin qarşısını almağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, tibbi texnologiyalar üzrə ekspert Andrey Varivodanın sözlərinə görə, orqanizm uzun müddət bəzi pozuntuları kompensasiya edə bildiyi üçün insan özünü normal hiss etsə də, analiz göstəricilərində dəyişikliklər baş verə bilər.
Hansı analizlər vacib sayılır?
Mütəxəssis əsas ümumi qan analizi və biokimyəvi göstəricilərlə yanaşı, aşağıdakı markerlərə diqqət yetirməyi tövsiyə edir:
Homosistein – insult və infarkt riskini göstərə bilər.
Ferritin və D vitamini – çatışmazlığı yorğunluq və immun zəifliyinə səbəb ola bilər.
HOMA indeksi – insulin müqaviməti və diabet riskini erkən müəyyən etməyə kömək edir.
B12 vitamini və fol turşusu – aşağı səviyyələri halsızlıq və zəiflik yarada bilər.
Tiroid və daxili orqan göstəriciləri
Qəfil çəki dəyişiklikləri zamanı TSH və T4 hormonlarının yoxlanılması tövsiyə olunur. Çəki itkisi hipertiroidizm, çəki artımı isə hipotiroidizm əlaməti ola bilər.
ALT və AST göstəricilərində dəyişikliklər qaraciyər problemlərini, kreatinin və sidik cövhəri isə böyrək funksiyalarındakı pozuntuları göstərə bilər.
Ürək-damar riskləri də analizlərlə müəyyən edilə bilər
Lipid profili və C-reaktiv zülal iltihab və ürək-damar xəstəlikləri riskini qiymətləndirməyə kömək edir. Laxtalanma göstəriciləri isə tromboz və ağciyər emboliyası riskinin aşkarlanmasında mühüm rol oynayır.
Analizlər nə qədər tez-tez verilməlidir?
Mütəxəssisin sözlərinə görə:
18 yaşa qədər ildə bir dəfə müayinə kifayətdir.
35-40 yaşdan sonra biokimyəvi analizlər və bəzi markerlər hər il yoxlanmalıdır.
50 yaşdan sonra müayinələrin 6 aydan bir aparılması tövsiyə edilir.
Bundan əlavə, payız və yaz aylarında B və C vitaminləri, sink, qışın sonunda isə D vitamini səviyyələrinin yoxlanılması faydalı hesab olunur.
Tərcümə: Könül Oruc