E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, kardioloq Eteri Kolesnik “Veçernyaya Moskva” ilə söhbətində az duz yeməyin effektiv yolunu açıqlayıb.
Kolesnik qeyd edib ki, orta hesabla insan gündə tövsiyə olunan duz miqdarından iki dəfə çox istifadə edir, eyni zamanda onun istehlakını məhdudlaşdırmaq qan təzyiqini aşağı salmağa kömək edir: "Duzun qəbulunu azaltmaq üçün məhsul alarkən üzərindəki etiketləri oxumalı, az duzlu və ya duzsuz variantları seçməlisiniz".
Bundan əlavə, həkim təzə və ya dondurulmuş tərəvəzlərə, dərisiz təzə quş ətlərinə, balıqlara və yağsız ətlərə üstünlük verməyi tövsiyə edib.
Həmçinin, Kolesnikin fikrincə, restoran yeməklərini daha az istifadə etmək və ya sifariş verərkən yeməyə az miqdarda duz əlavə etmələrini xahiş etmək lazımdır.
Həkim qeyd edib ki, duzu azaltmağın effektiv yollarından biri də yemək süfrəsində davamlı istifadə olunan duz qabının ləğv olunmasıdır.
"Yeməklərinizə dad vermək üçün otlar və ədviyyatlardan istifadə edin. Ancaq bir qaba ədviyyat əlavə etməzdən əvvəl etiketini diqqətlə oxuyun. Hazır ədviyyat qarışıqlarında da bir qayda olaraq, duz olur”, - deyə həkim qeyd edib.
Həkim böyük miqdarda gizli duz ehtiva edən bəzi məşhur məhsullar haqqında danışarkən, bu siyahıya kolbasa və pendiri də daxil edib.
Tərcümə etdi: Könül Oruc