Qidalanma
Gündə cəmi iki ədəd yeyənlərin
Qidalanma
8

Gündə cəmi iki ədəd yeyənlərin damarları təmizlənir

Müntəzəm qoz istehlakı ürək-damar sağlamlığı üçün faydalı ola bilər. Elmi araşdırmalar göstərir ki, gündə 28–56 qram (təxminən bir ovuc) qoz yemək "pis" xolesterol (LDL) səviyyəsini azaltmağa, "yaxşı" xolesterol (HDL) səviyyəsini isə artırmağa kömək edə bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, qozun tərkibindəki omeqa-3 yağ turşuları, lif, antioksidantlar və bitki mənşəli zülallar damarların sağlamlığını dəstəkləyir və ürək-damar xəstəlikləri riskinin azalmasına töhfə verir.

Qoz ürəyə necə fayda verir?

Mütəxəssislərin sözlərinə görə, yüksək LDL xolesterolu damar divarlarında piy yığıntılarının əmələ gəlməsinə səbəb olaraq infarkt və insult riskini artırır. HDL xolesterolu isə artıq xolesterolun orqanizmdən xaric olunmasına kömək edir.

Diyetoloq Vendi Bazilian HDL xolesterolunu "artıq xolesterolu toplayıb bədəndən uzaqlaşdıran zibil maşını"na bənzədərək, onun ürək sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirib.

Qozun tərkibində nələr var?

Təxminən 28 qram qozun tərkibində:

- 4 qram bitki mənşəli zülal;

- 2 qram lif;

- omeqa-3 yağ turşusu (alfa-linolen turşusu – ALA);

- antioksidantlar və digər faydalı bioaktiv maddələr mövcuddur.

Bu maddələr LDL xolesterolunun azalmasına, iltihab və oksidativ stresin zəifləməsinə, bağırsaq mikrobiotasının dəstəklənməsinə və ümumi ürək sağlamlığının qorunmasına kömək edə bilər.

Araşdırmalar nə göstərir?

Loma Linda Universitetinin alimləri tərəfindən aparılan və sonradan çoxsaylı tədqiqatlarla dəstəklənən nəticələrə əsasən, gündə 28–56 qram qoz istehlakı LDL xolesterolunu orta hesabla 4 faiz azalda bilər.

Mütəxəssislər bildirirlər ki, bu göstərici kiçik görünsə də, uzunmüddətli dövrdə ürək-damar xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərə bilər.

Qeyd: Qoz sağlam qidalanmanın bir hissəsi kimi faydalıdır. Lakin o, yüksək kalorili məhsul olduğundan normadan artıq istehlak edilməməsi tövsiyə olunur. Ürək-damar xəstəlikləri və ya yüksək xolesterol problemi olan şəxslər qidalanma ilə bağlı dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun