Tibbi xəbərlər
Gecə tez-tez sidiyə qalxırsınız? -
Tibbi xəbərlər
163

Gecə tez-tez sidiyə qalxırsınız? - bu xəstəliyin əlaməti ola bilər

Gecələr sidiyə getmək üçün oyanmaq ciddi bir sağlamlıq probleminin ilk əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, urologiya mütəxəssisi, dosent Dr. Yavuz Onur Danacıoğlu bildirir ki, xüsusilə 40 yaşdan yuxarı kişilərdə tez-tez sidiyə getmə, gecə yuxudan oyanaraq sidiyə getmək və sidik ifrazında çətinlik kimi şikayətlər çox vaxt yaşlanmanın təbii nəticəsi kimi qiymətləndirilir. Halbuki bu əlamətlər daha ciddi bir problemin göstəricisi ola bilər.

Həkimin sözlərinə görə, xəstələr adətən gün ərzində tez-tez sidiyə getmə, gecələr bir neçə dəfə oyanma, zəif sidik axını və sidik kisəsinin tam boşalmaması hissi ilə müraciət edirlər. Bu simptomlar yalnız prostatla bağlı olmaya bilər. Nəzarətsiz diabet, həddindən artıq maye qəbulu, kofeinli içkilər və həddindən artıq aktiv sidik kisəsi də oxşar şikayətlərə səbəb ola bilər.

Bununla belə, orta və yaşlı kişilərdə bu problemlərin ən yayğın səbəblərindən biri xoşxassəli prostat hiperplaziyasıdır (BPH). Prostat vəzi sidik kisəsinin altında yerləşir və sidik kanalını əhatə edir. Yaş artdıqca bu vəzin böyüməsi sidik kanalını daraldır və sidik ifrazını çətinləşdirir. Nəticədə tez-tez sidiyə getmə, gecə oyanmaları və natamam boşalma hissi yaranır.

Müasir tibbdə bu problemin effektiv müalicə üsulları mövcuddur. Onlardan biri HoLEP (Holmium Lazer Prostat Enukleasiyası) metodudur. Bu üsulda böyümüş prostat toxuması açıq əməliyyata ehtiyac olmadan, lazer vasitəsilə endoskopik şəkildə çıxarılır. Bu metod sidik axınını yaxşılaşdırır, simptomları aradan qaldırır, xəstəxanada qalma müddətini azaldır və xəstənin tez bir zamanda normal həyata qayıtmasına imkan verir. Üstəlik, uzunmüddətli nəticələri uğurludur və təkrar müdaxiləyə ehtiyac nadir hallarda yaranır.

Mütəxəssis vurğulayır ki, bu kimi simptomlara laqeyd yanaşmaq olmaz. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun