Tibbi xəbərlər
Endokrinoloq hormonal balansı pozan
Tibbi xəbərlər
188

Endokrinoloq hormonal balansı pozan vərdişləri açıqlayıb

Hormonal balans yalnız yaş, irsiyyət və xəstəliklərdən deyil, həm də gündəlik həyat tərzindən asılıdır. Endokrinoloq Artur Peçeritsa hormonların fəaliyyətini pozan və sağlamlığa mənfi təsir göstərən əsas vərdişləri sadalayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, xroniki yuxu çatışmazlığı hormonal sistemə ciddi təsir edir. Yuxu zamanı melatonin, kortizol, böyümə hormonu, leptin və qrelin kimi vacib hormonların səviyyəsi tənzimlənir. Daimi yuxusuzluq kortizolun artmasına, iştahanın yüksəlməsinə, çəki artımına və insulinə həssaslığın azalmasına səbəb ola bilər.

Daimi stress də hormonal tarazlığı pozan əsas amillərdəndir. Uzunmüddətli emosional gərginlik orqanizmdə kortizol və adrenalinin həddindən artıq ifrazına gətirib çıxarır. Bu isə maddələr mübadiləsinə, yuxuya, iştahaya və reproduktiv sistemə mənfi təsir göstərir.

Balanssız qidalanma da risk faktorları sırasındadır. Sərt pəhrizlər, yemək buraxmaq, zülal çatışmazlığı və həddindən artıq emal olunmuş qidaların qəbulu cinsi hormonların və qalxanabənzər vəz hormonlarının istehsalını poza bilər. Həddindən artıq şəkər qəbulu isə insulin müqaviməti və 2-ci tip diabet riskini artırır.

Həkim qeyd edib ki, həm oturaq həyat tərzi, həm də həddindən artıq idman hormonal sistem üçün zərərlidir. Fiziki aktivliyin azlığı maddələr mübadiləsini zəiflədir, ağır və fasiləsiz məşqlər isə kortizol səviyyəsini yüksəldərək qadınlarda menstrual dövrün pozulmasına, kişilərdə testosteronun azalmasına və xroniki yorğunluğa səbəb ola bilər.

Alkoqol və siqaret də hormonal sağlamlığa mənfi təsir göstərir. Alkoqol qaraciyərin hormon mübadiləsində iştirak edən funksiyalarını zəiflədir, qan şəkərinin səviyyəsinə və yuxu keyfiyyətinə təsir edir. Siqaret isə damar sistemini zədələyərək qalxanabənzər vəz və reproduktiv funksiyaların pozulması riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun