Bağırsaq xərçənginin altı əsas əlaməti müəyyən edilib.
E-saglam.az xəbər verir ki, proktoloq Ceyms Kinross bildirib ki, xəstəliyi erkən mərhələdə aşkarlamaq üçün nəcisdəki hər hansı dəyişiklik xüsusi diqqət tələb edir. “The Daily Mirror” həkimin açıqlamasına istinad edib.
Kinrossun sözlərinə görə, hər insanın özünəməxsus bağırsaq vərdişləri var və onları ən yaxşı özü müşahidə edə bilər. Buna görə də nəcisin tezliyi, forması, rəngi və konsistensiyasındakı dəyişikliklər izlənilməlidir. Həkim qeyd edib ki, bu dəyişikliklər bəzən stress və ya qidalanma ilə bağlı ola bilər, lakin uzun müddət davam edərsə, müayinəyə getmək vacibdir.
Proktoloq nəcisdə qan görünməsini ən ciddi xəbərdarlıq əlamətlərindən biri kimi vurğulayıb. Belə halda dərhal həkimə müraciət etmək tövsiyə olunur. Bununla yanaşı, davam edən qarın ağrısı, izah olunmayan yorğunluq, səbəbsiz çəki itkisi və bədəndə şişkinliklərin yaranması da nəzərə alınmalı simptomlar sırasındadır.
Həkim bildirib ki, bu əlamətlərin erkən aşkarlanması müalicənin nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Tərcümə: Könül Oruc