Tibbi xəbərlər
Abdominoplastika ilə bağlı ən çox verilən
Tibbi xəbərlər
117

Abdominoplastika ilə bağlı ən çox verilən 10 sual

Abdominoplastika, qarın nahiyəsindəki artıq dəri və piyləri aradan qaldıraraq bədəni daha sıx və düz bir görünüşə qovuşduran estetik bir əməliyyatdır. Bu prosedur, doğuşdan sonra və ya böyük çəki itkisi sonrası fiziki və psixoloji rahatlıq əldə etmək istəyənlər üçün ideal bir seçimdir.

E-saglam.az abdominoplastika ilə bağlı ən çox verilən 10 sualı təqdim edir. 

1. Qarın gərmə nədir?

Qarın gərmə (abdominoplastika), qarın nahiyəsindəki artıq dəri və piyləri çıxarmaqla yanaşı, boşalmış əzələləri sıxma əməliyyatıdır. Bu prosedur, doğuşdan sonra və ya böyük çəki itkisi nəticəsində qarında sallanma yaşayan şəxslər üçün estetik və fiziki rahatlıq təmin edir.

2. Kimlər üçün uyğun bir prosedurdur?

Qarın gərmə əməliyyatı, doğuşdan sonra dərinin sallanmasından əziyyət çəkən qadınlar, əhəmiyyətli dərəcədə çəki itirənlər və ya qarın əzələləri ayrılmış şəxslər üçün uyğundur. Lakin hal-hazırda arıqlamağa davam edənlər və hamiləliyi planlayanlar üçün tövsiyə edilmir.

3. Bu əməliyyatla arıqlamaq mümkündürmü?

Abdominoplastika artıq çəkini aradan qaldırmaz. Lakin əməliyyatdan sonra qarın nahiyəsindəki əzələ laxlığı və artıq dəri aradan qaldırıldığı üçün bədən daha sıx və düz görünür. Əməliyyatdan sonra çəki artımının qarşısını almaq üçün pəhriz və fiziki fəaliyyətə davam etmək vacibdir.

4. Hansı cərrahi üsul mənim üçün uyğundur?

Abdominoplastikanın iki əsas növü var: mini abdominoplastika və total abdominoplastika. Mini abdominoplastika, qarın alt hissəsində məhdud sallanma olan şəxslər üçün daha uyğun olub, daha sürətli bərpa və daha az çapıq buraxır. Total abdominoplastika isə yuxarı və aşağı qarına toxunaraq əzələləri sıxmağı hədəfləyir.

5. Əməliyyata necə hazırlıq görməliyəm?

Əməliyyatdan əvvəl ən azı dörd həftə siqaret çəkməmək, çəki nəzarətini saxlamaq və həddindən artıq yeməkdən çəkinmək vacibdir. Ayrıca əməliyyatdan sonra bir ay ərzində korset geyinməyi nəzərə alaraq həyat tərzi dəyişiklikləri etmək lazım olacaq.

6. Qarın piylərini çıxarmaq mümkündürmü?

Bəli, əgər qarın nahiyəsində lokallaşdırılmış piy varsa, liposaksiya (piy çıxarma əməliyyatı) ilə birləşdirilə bilər. Bu, qarın konturunu düzəldir və bədənin ümumi görünüşünü yaxşılaşdırır.

7. Əməliyyatdan sonra nə vaxt işə qayıda bilərəm?

Xəstələr əməliyyatdan bir gün sonra evə buraxılır. Ancaq ilk beş gün ərzində işə qayıtmaq tövsiyə edilmir. Stolüstü işləri olan şəxslər bir həftə sonra işlərinə qayıda bilərlər. Lakin, ağır fiziki fəaliyyətlərdən uzaq durmaq və əməliyyat sonrası diqqətli olmaq vacibdir.

8. Əməliyyat qalıcı iz buraxırmı?

Əməliyyatdan sonra çapıq tamamilə yox olmasa da, adətən alt paltarının altında gizlənir və görünməz olur. Çapıqlar zamanla solur, lakin sağalma müddəti bir ilə qədər uzana bilər. Siqaret çəkmək və düzgün bərpa prosesinə riayət etmək bu müddəti təsir edə bilər.

9. Əməliyyatın riskləri varmı?

Hər cərrahi əməliyyatda olduğu kimi, abdominoplastika da müəyyən risklər daşıyır. Hematoma (qan yığılması), yaranın ayrılması və infeksiya kimi hallar nadir olsa da baş verə bilər. Bu səbəbdən əməliyyatın ixtisaslı bir plastik cərrah tərəfindən və steril şəraitdə həyata keçirilməsi vacibdir.

10. Əməliyyat psixoloji olaraq necə təsir edir?

Abdominoplastika yalnız fiziki görünüşü yaxşılaşdırmaqla qalmır, həm də psixoloji rahatlıq təmin edir. İnsanlar özlərinə daha inamlı hiss edir və daha rahat geyim seçimi edirlər. Əməliyyatdan sonra insanların özünə güvəni artır, sosial həyatda daha rahat olurlar və çimərlik paltarı geyməkdə çətinlik çəkmirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun