Zülal orqanizmin əsas tikinti materiallarından biri hesab olunur və amin turşularından ibarətdir. Əzələlərdən tutmuş dəri, saç və dırnaqlara qədər bir çox toxumanın quruluşunda mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Derya Eren bildirir ki, zülal yalnız idman edən insanlar üçün deyil, bütün yaş qrupları üçün vacib qida maddəsidir.
Mütəxəssisin sözlərinə görə, zülal hüceyrələrin yenilənməsi, immunitet sisteminin güclənməsi, ferment və hormonların sintezi kimi bir çox həyati prosesdə iştirak edir. Zülal çatışmazlığı əzələ itkisinə, immunitetin zəifləməsinə, yaraların gec sağalmasına və enerji səviyyəsinin azalmasına səbəb ola bilər.
Eren qeyd edir ki, zülal mənbələri iki əsas qrupa bölünür: heyvan və bitki mənşəli zülallar. Yumurta, ət, balıq, süd və süd məhsulları tam zülal mənbələri hesab olunur, çünki bütün vacib amin turşularını ehtiva edir. Mərcimək, noxud, lobya, qoz-fındıq, toxumlar və tam taxıllar isə bitki mənşəli zülal mənbələridir və düzgün kombinasiyada qəbul edildikdə yüksək keyfiyyətli qida hesab olunur.
Mütəxəssis bildirir ki, gündəlik zülal ehtiyacı yaşa, çəkiyə və həyat tərzinə görə dəyişir. Ümumilikdə sağlam yetkinlər üçün hər kiloqram çəkiyə təxminən 0,8–1 qram zülal tövsiyə olunur. Uşaqlar üçün bu göstərici 1–1,5 qram, 65 yaşdan yuxarı insanlar üçün isə 1–1,2 qram təşkil edir.
Diyetoloq vurğulayır ki, zülalı tək bir yeməkdə çox qəbul etmək əvəzinə, gün ərzində bərabər şəkildə bölmək daha faydalıdır. Bu yanaşma əzələ sağlamlığını və maddələr mübadiləsini daha yaxşı dəstəkləyir.
Mütəxəssis əlavə edir ki, zülal tozları yalnız xüsusi hallarda istifadə edilməlidir. Onun sözlərinə görə, nəzarətsiz istifadə böyrəklərə və qaraciyərə əlavə yük yarada, həzm problemlərinə və artıq kalori qəbuluna səbəb ola bilər. Buna görə də əksər hallarda gündəlik zülal ehtiyacını balanslı qidalanma ilə qarşılamaq mümkündür.
Tərcümə: Könül Oruc