Qış aylarında əzələ ağrıları, mədə sancıları və soyuqdəymə zamanı tez-tez istifadə edilən isti su kisələri ciddi sağlamlıq riskləri yarada bilər.
E-saglam.az-ın məlumatına görə, həkimlər bildirir ki, xüsusilə köhnə və keyfiyyətsiz məhsullar partlayış və sızma təhlükəsi daşıyır və bu, ağır yanıqlara səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, isti su kisələri çox yüksək temperaturda doldurulduqda və ya uzun müddət birbaşa dəri ilə təmasda saxlanıldıqda ciddi yanıq riski yaradır. Uşaqlar, yaşlılar və diabet xəstələri üçün bu təhlükə daha böyükdür. Kisənin qəfil partlaması və ya sızması ikinci və üçüncü dərəcəli yanıqlarla nəticələnə bilər.
Həkimlər qeyd edirlər ki, plastik və rezin materiallardan hazırlanan isti su kisələri zamanla köhnəlir və elastikliyini itirir. Xaricdən sağlam görünsə belə, daxili təzyiq səbəbindən qəfil partlaya bilər. Yanıq hadisələrinin böyük hissəsi gecə yuxu zamanı və ya kisənin birbaşa dərinin üzərinə qoyulması nəticəsində baş verir.
Bundan əlavə, isti su kisəsinin qaynar su ilə doldurulması riski daha da artırır. Qapağın düzgün bağlanmaması isə qəfil sızmalara və ciddi qəzalara səbəb ola bilər.
Mütəxəssislər isti su kisələrindən istifadə zamanı ehtiyatlı olmağı, onları mütəmadi yoxlamağı, çox isti su ilə doldurmamağı və mütləq dəsmal və ya parça vasitəsilə bədənə tətbiq etməyi tövsiyə edirlər.
Tərcümə: Könül Oruc