Ağciyər xərçəngi dünyada ən geniş yayılmış xərçəng növlərindən biridir. Erkən diaqnoz çox vacibdir, çünki xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə bir o qədər təsirli olur.
E-saglam.az xəbər verir ki, mütəxəssislər xüsusilə səhər yuxudan oyandıqda müşahidə edilən bəzi simptomlara diqqət yetirilməsini tövsiyə edir.
Əsas simptomlar
Uzunmüddətli və ya dəyişən öskürək: Xüsusilə səhər saatlarında şiddətlənən öskürək.
Bəlğəm: Qanlı və ya fərqli rəngli bəlğəm risk siqnalı ola bilər.
Nəfəs darlığı: Normal fəaliyyət zamanı belə nəfəs almaqda çətinlik.
Ağrı: Dərindən nəfəs alarkən və ya öskürərkən döş qəfəsində ağrı hissi.
Çəki itkisi və iştahsızlıq: Heç bir səbəb olmadan baş verən kilo itkisi.
Daimi yorğunluq: Gün ərzində izahı olmayan yorğunluq hissi.
Digər əlamətlər
- Boğuqluq
- Tez-tez təkrarlanan bronxit və pnevmoniya
- Nəfəs alarkən qəribə səslər (xırıltı)
Səhər öskürəyinə diqqət
Səhər saatlarında müşahidə edilən davamlı və ağır öskürək ağciyər xərçənginin ilkin əlaməti ola bilər. Xüsusilə öskürək uzun müddət davam edirsə, qanlı bəlğəm varsa və ya digər simptomlarla müşayiət olunursa, dərhal həkimə müraciət etmək vacibdir.
Erkən diaqnozun əhəmiyyəti
Ağciyər xərçəngi soyuqdəymə və allergiya ilə qarışdırıla bilən simptomlarla özünü göstərə bilər. Buna görə də, hər hansı şübhəli simptom aşkarlanarsa, vaxtında tibbi yardım almaq həyati əhəmiyyət daşıyır.
Unutmayın, erkən tədbirlər sağlamlığınızı qorumağın ən yaxşı yoludur.
Tərcümə: Könül Oruc