Tibbi xəbərlər
Yuxuda qışqırmağın və gülməyin beyin sağlamlığına
Tibbi xəbərlər
10

Yuxuda qışqırmağın və gülməyin beyin sağlamlığına təsiri aşkar edilib

Seul Milli Universiteti Bundang Xəstəxanasının tədqiqatçıları REM yuxusu zamanı qışqırmaq və gülmək kimi davranışların beyin sağlamlığı ilə bağlı ciddi risklərdən xəbər verə biləcəyini açıqlayıb.

E-saglam.az-ın məlumatına görə, yuxu pozuntularının idrak funksiyalarına təsirini araşdıran tədqiqatın nəticələri Korea Herald qəzetində dərc olunub.

Araşdırmada parasomniya növlərindən biri olan təcrid olunmuş REM yuxu davranış pozğunluğu (RRBD) olan xəstələr müşahidə edilib. Bu pozğunluq yuxu zamanı qəfil hərəkətlər, qışqırıq, gülmək və bəzən özünə zərər vermə davranışları ilə xarakterizə olunur. Mütəxəssislər bu şəxslərdə idrak funksiyalarında nəzərəçarpacaq dərəcədə zəifləmə olduğunu müəyyən ediblər.

Tədqiqatçılara görə, bu vəziyyət Levi cisimcikli demensiya və ya Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin ilkin əlaməti ola bilər. Yəni yuxu zamanı ortaya çıxan bu cür qeyri-adi davranışlar gələcəkdə inkişaf edə biləcək ciddi beyin xəstəliklərinin xəbərçisi kimi qiymətləndirilə bilər.

Yeddi il davam edən araşdırmada diaqnoz zamanı orta yaşı 65,6 olan 162 xəstə iştirak edib. Onlarda məlumatların emal sürətində, şifahi və vizual yaddaşda sistematik azalma müşahidə olunub. Xüsusilə kişilərdə qadınlarla müqayisədə diqqət və iş yaddaşında daha ciddi zəifləmə qeydə alınıb.

Tədqiqat zamanı 33 nəfərdə neyrodegenerativ xəstəlik inkişaf etməsə də, onların da digərləri ilə eyni səviyyədə idrak geriləməsi yaşadığı müəyyən olunub. Bu fakt göstərir ki, klinik diaqnoz olmasa belə, REM yuxu davranış pozğunluğu beyin sağlamlığı üçün ciddi risk siqnalı ola bilər.

Mütəxəssislər yuxuda tez-tez qışqırma, gülmə, ani hərəkətlər və ya özünə zərər vermə hallarının müşahidə edildiyi şəxslərə vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnoz mümkün ağır nevroloji xəstəliklərin qarşısını almaqda mühüm rol oynaya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun