Sağlamlıq
Yüksək təzyiq üçün təhlükəli ola biləcək 5 əlavə -
Sağlamlıq
79

Yüksək təzyiq üçün təhlükəli ola biləcək 5 əlavə - Təbii olan həmişə təhlükəsiz deyil

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq infarkt və insult kimi həyati təhlükəli hallarının qarşısını almaq üçün əsas şərtdir. Bir çox insan bitki mənşəli əlavələrin və vitaminlərin tam zərərsiz olduğunu düşünsə də, bəzi məhsullar dərmanlarla qarşılıqlı təsirə girə və qan təzyiqini daha da yüksəldə bilər.

E-saglam.az xəbər verir ki, əczaçı Dr. Kirstin Gill hipertoniya xəstələrinin xüsusilə diqqətli olması lazım olan beş əlavə barədə xəbərdarlıq edib.

D vitamininin yüksək dozaları

D vitamini sümük və immun sistemi üçün vacibdir. Lakin gündə 10.000 BV-dən yüksək dozalarda qəbul edildikdə qanda kalsiumun artmasına, yəni hiperkalsemiyaya səbəb ola bilər. Bu isə birbaşa qan təzyiqini yüksəldir. Eyni zamanda yüksək dozada D vitamini hipertoniya xəstələrinə tez-tez yazılan diuretiklərin təsirini azalda bilər və müalicənin effektivliyini zəiflədə bilər.

Biyan kökü

Çaylarda, şirniyyatlarda və bəzi öskürək siroplarında olan biyan kökü qan təzyiqi üçün ciddi risk yaradır. Tərkibindəki qlisirrizin maddəsi bədəndə natriumun tutulmasına, kaliumun azalmasına səbəb olur və bu, təzyiqin sürətlə yüksəlməsinə gətirib çıxarır.
Xüsusilə diuretik dərmanlarla birlikdə istifadə edildikdə təhlükə daha da artır və ürək ritm pozğunluqlarına yol aça bilər.

Müqəddəs İon otu (kantarion otu)

“Təbii antidepressant” kimi tanınan bu bitki qaraciyər fermentlərinə təsir edərək bir çox dərmanın parçalanma sürətini dəyişir. Nəticədə nifedipin və verapamil kimi təzyiq salan dərmanların təsiri zəifləyə bilər və xəstə dərman qəbul etsə belə, təzyiqi nəzarətdə saxlamaq çətinləşər.

Arnika

Arnika əsasən dəri üzərinə istifadə üçün nəzərdə tutulub. Onun ağızdan qəbul edilməsi isə təhlükəlidir. Ürək əzələsinə zərər verə, təzyiqin kəskin artmasına, güclü qusma və ishala səbəb ola bilər. Hipertoniya xəstələri üçün arnika daxili istifadə qətiyyən tövsiyə edilmir.

Acı portağal

Arıqlama çaylarında və idman əlavələrində tez-tez rast gəlinən acı portağal sinefrin adlı maddə ehtiva edir. Bu maddə ürək döyüntüsünü sürətləndirir, damarları daraldır və qan təzyiqini yüksəldir. Yüksək təzyiqi olan insanlarda infarkt riskini birbaşa artıran stimullaşdırıcı təsir göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun