Tibbi xəbərlər
Yorğun, gərgin və narahatsınız?
Tibbi xəbərlər
158

Yorğun, gərgin və narahatsınız? səbəbi bu ola bilər

Yay aylarında temperaturun yüksəlməsi ilə orqanizmin suya olan ehtiyacı da artır. Mütəxəssislər xəbərdarlıq edir ki, kifayət qədər su içməmək təkcə fiziki deyil, həm də zehni və emosional sağlamlığa ciddi zərər vura bilər.

E-saglam.az xəbər verir ki, tərləmənin artması və bədənin öz istiliyini tənzimləməyə çalışması yayda su itkisinin əsas səbəblərindəndir. Bu dövrdə sadəcə susadıqda deyil, müəyyən aralıqlarla su içmək tövsiyə olunur. Nefroloq Dr. Merve Aktar bildirir ki, susuzluq hissi yaranmadan su içmək bədəni tükənməkdən qoruyur.

Gündəlik ideal su miqdarı yaşa və fəaliyyətə görə dəyişsə də, yetkinlər üçün bu rəqəm 2,5–3,5 litr arasında dəyişir. Qəhvə və çay kimi içkilər isə su əvəzedicisi deyil, əksinə, orqanizmdə su itkisini artıra bilər. Məsələn, bir fincan türk qəhvəsi içildikdən sonra ən azı iki stəkan su içmək məsləhətdir.

Susuzluğun bədəndəki bəzi ilkin əlamətləri bunlardır:
– Baş ağrısı
– Əzələ ağrıları və qıcolmalar
– Tünd sarı sidik
– Ağız quruluğu və qoxusu
– Qəbizlik
– Ani əhval dəyişikliyi və narahatlıq

Aktar əlavə edir ki, uzun müddət kifayət qədər su içməmək böyrək xəstəlikləri, daş əmələ gəlməsi, ürək-damar problemləri və hətta ölüm riskini artıra bilər. Tədqiqatlar göstərir ki, yüngül susuzlaşma belə idrak qabiliyyətinə mənfi təsir edə, diqqət və yaddaşı zəiflədə bilər. Xroniki susuzluq isə narahatlıq riskini 30 faiz, depressiya əlamətlərini 25 faiz artırır və yuxu keyfiyyətini 40 faiz azalda bilər.

Qidalanma mütəxəssisi Safiyə Kəskin də qeyd edir ki, su bədənin bütün hüceyrələrinin fəaliyyətində mühüm rol oynayır. Dərinin elastikliyi, həzm sistemi və zehni funksiyaların stabilliyi su ilə birbaşa bağlıdır. Onun fikrincə, hər saat bir stəkan su içmək vərdişi həm bədəni, həm də beynimizi aktiv saxlayır.

Su içməyi unutmayın deyə, bunları sınayın:

– Ekranınıza su simvolu olan stiker yapışdırın
– Hər e-poçta və ya bildirişdə bir neçə qurtum su için
– Ağıllı saat və ya tətbiqlərlə xatırlatmalar qurun
– Limon, darçın və meyvələrlə suya dad qataraq içmək vərdişini maraqlı edin

Unutmayın, su sadəcə susuzluğu yatırmır — o, əhvalınızı sabitləşdirir, enerjinizi artırır və sizi gündəlik həyatda daha güclü edir. İçdiyiniz hər stəkan su, bədəninizin və beyninizin sizə təşəkkür etməsi deməkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun