Tibbi xəbərlər
Yeni oral dərman “pis” xolesterolu 60% azaldaraq infarkt riskini
Tibbi xəbərlər
289

Yeni oral dərman “pis” xolesterolu 60% azaldaraq infarkt riskini ciddi şəkildə aşağı sala bilər

Yeni araşdırmalar klinik sınaqların son mərhələsində olan enlisitid adlı oral həbin yüksək riskli xəstələrdə zərərli LDL xolesterolunu 60 faizədək azaltdığını göstərir.

E-saglam.az xəbər verir ki, "New England Journal of Medicine" jurnalında dərc olunan tədqiqatda bildirilir ki, dərman hazırda statin qəbul edən, lakin hədəf göstəricilərə çata bilməyən pasiyentlərdə belə təsirli nəticə verib.

UT Cənub-Qərb Tibb Mərkəzinin aparıcı müəllifi Ann Mari Navar vurğulayıb ki, aterosklerotik ürək-damar xəstəliyi olan insanların yarıdan çoxu hələ də LDL hədəflərinə çatmır və bu cür güclü təsirə malik oral terapiya infarkt və insultların qarşısının alınmasında yeni mərhələ yarada bilər. Statinlər xolesterol nəzarətində əsas vasitə olaraq qalır, lakin bəzi insanlarda yüksək dozalar belə kifayət etmir. LDL hissəciklərinin damar divarlarında toplanması ateroskleroza, bu isə infarkt və insult riskinə səbəb olur.

Mütəxəssislər bildirir ki, LDL-in aşağı salınması həm risk qrupunda olanlarda, həm də artıq xəstəliyi inkişaf etmiş insanlarda ürək-damar hadisələrinin qarşısının alınmasının əsas şərtidir. Avropada ürək-damar xəstəlikləri səbəbilə baş verən ölüm və xəstələnmələrin təxminən üçdə biri nəzarətsiz xolesterolla əlaqələndirilir və bu problem yetkinlərin yarısından çoxuna təsir edir.

Tədqiqatda ateroskleroz və ya yüksək riskli yanaşı xəstəlikləri olan 3000-ə yaxın kişi və qadın iştirak edib. Onların üçdə ikisi enlisitid qəbul edib, qalanları isə plasebo alıb. 24 həftənin sonunda yeni dərman LDL səviyyəsini plasebo ilə müqayisədə 60 faiz azaldıb və bu təsir bir illik müşahidə dövründə stabil qalıb. Həb həmçinin HDL olmayan xolesterol, apolipoprotein B və lipoprotein(a) kimi digər ürək-damar risk markerlərini də aşağı salıb.

Araşdırmanın müəllifləri qeyd edir ki, bu göstəricilər statinlərin icadından bəri oral dərmanla əldə edilən ən yüksək nəticələrdir. Bununla belə, tədqiqat qısa müddət ərzində aparıldığından dərmanın infarkt və insultların qarşısını alıb-almadığı hələ məlum deyil və daha uzunmüddətli sınaqlar tələb olunur.

ABŞ Qida və Dərman Administrasiyası dərmana təsdiq prosesini sürətləndirə biləcək Milli Prioritet Vauçeri təqdim edib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun