Tibbi xəbərlər
Yeni Klinikada daha bir ilk –
Tibbi xəbərlər
4069

Yeni Klinikada daha bir ilk – 40 min manatlıq TAVİ əməliyyatı ödənişsiz icra edildi

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada ilk dəfə olaraq Azərbaycanda nadir icra olunan və tibbin son nailiyyətlərindən hesab edilən TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib.

TƏBİB-dən E-saglam.az-a bildirilib ki, daha öncə TƏBİB tabeli tibb müəssisələrində mövcud olmayan bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikanın peşəkar Ürək-damar mərkəzinin komandası tərəfindən həyata keçirilib.

Məlumat üçün bildirək ki, TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq kritik aorta stenozu olan, yəni klapanda daralma olan yaşlı xəstələrdə tətbiq olunur. Xəstə üçün üstünlüyù onun 24/48 saat sonra evə yazılaraq normal həyatına davam etməsidir.

Qısamüddətli və daha az travmatik xüsusiyyətə malik olan əməliyyat sonrası müddət 2-3 gün təşkil edir. TAVİ açıq əməliyyata uyğun olmayan xəstələr üzərində də icra oluna bilər. Yeni Klinikanın Ürək-damar mərkəzinin rəhbəri tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilən əməliyyat uğurla başa çatıb. Stasionar müalicəsi davam edən xəstə bir neçə gün sonra ambulator müalicə üçün evə yazılacaq.

Qeyd edək ki, dəyəri kifayət qədər yüksək olan (təxminən 35-40 min AZN) TAVİ əməliyyatı Yeni Klinikada Xidmətlər Zərfi çərçivəsində tam ödənişsiz icra edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun