Səhərlər yorğun oyanırsınızsa, bu xəstəliklərin xəbərçisi ola bilər.
E-saglam.az xəbər verir ki, gecə yuxunuzu almanıza baxmayaraq səhər yorğun, başağrılı və enerjisiz oyanırsınızsa, bu sadəcə yuxusuzluq deyil – bəzən gizli gedən xəstəliklərin ilk əlaməti ola bilər.
1. Dəmir çatışmazlığı
Ən yayılmış səbəblərdən biri qanazlığı və ya dəmir çatışmazlığı anemiyasıdır. Qanda oksigen daşıyan hemoglobin azaldıqda orqanlar kifayət qədər oksigenlə təmin olunmur. Nəticədə insan daim yorğun, halsız və diqqətsiz olur.
2. Yuxu apnesi (nəfəs dayanması)
Gecələr nəfəsin dəfələrlə dayanması ilə xarakterizə olunan bu problem beynin oksigenlə təminatını pozur, bədən isə keyfiyyətli dincələ bilmir. Belə insanlar səhərlər “çox yatmış kimi yox, döyülmüş kimi” oyanırlar. Çox vaxt fərqinə varmırlar, amma bu hal ürək xəstəliklərinə qədər gedib çıxır.
3. Tiroid pozğunluğu (hipotiroidizm)
Qalxanabənzər vəzinin kifayət qədər hormon ifraz etməməsi nəticəsində metabolizma yavaşlayır. Bu da səhərlər enerji çatışmazlığı, diqqət azalması, əhval düşkünlüyü ilə özünü göstərə bilər.
4. Depressiya və gizli psixoloji yüklənmə
Sakit görünən həyat arxasında emosional tükənmə gizlənə bilər. Depressiya və xroniki stress bədənə fiziki yorğunluq kimi təsir edir. İnsanlar bu halı yuxusuzluqla səhv salırlar, amma psixoloji dəstək olmadan vəziyyət daha da ağırlaşa bilər.
5. Diabet və qan şəkəri dalğalanmaları
Qan şəkəri gün ərzində stabilliyini itirirsə, səhərlər enerjisiz oyanmaq, başgicəllənmə və əsəbilik baş qaldıra bilər. Bu, 2-ci tip diabetin ilkin əlamətlərindən biri ola bilər.
Nə etməli?
Qan analizi etdirin (xüsusilə dəmir, tiroid və şəkər)
Gecə yuxunuzu izləyin, tez-tez oyanırsınızsa həkimlə məsləhətləşin
Stressi azaltmaq üçün gündəlik sadə məşqlər edin
Qidalanmanı balanslaşdırın, xüsusilə səhər yeməyinə diqqət yetirin
Könül Oruc