İctimai tualetlərdən xəstəliyə yoluxmaq qorxusu çoxlarının narahatlığıdır. Çirkli oturacaqlar, yerlərə sıçrayan sidik və kəskin qoxular gigiyena ilə bağlı şübhələri artırır. Bəs, sadəcə oturacaqda oturmaqla xəstəlik keçə bilərmi?
E-saglam.az xəbər verir ki, Cənubi Florida Universitetinin ictimai səhiyyə və mikrobiologiya professoru Jill Roberts bildirir: “Nəzəri olaraq mümkündür, amma risk çox aşağıdır”.
Mütəxəssisin sözlərinə görə, gonoreya və xlamidiya kimi cinsi yolla keçən xəstəliklərə səbəb olan bakteriya və viruslar insan bədənindən kənarda uzun müddət yaşamır. Onların tualet oturacağından ötürülməsi isə demək olar ki, mümkün deyil. Yoluxma üçün təzə bədən mayelərinin birbaşa cinsiyyət orqanları ilə təması lazımdır ki, bu da çox nadir haldır.
Eyni qayda qanla keçən patogenlər üçün də keçərlidir. Roberts deyir: “Əgər tualetdə qan görsəniz, yəqin ki, istifadə etməzdiniz. Cinsi əlaqə və ya çirkli iynə olmadan bu yolla yoluxma ehtimalı çox azdır”.
Tualet oturacağını kağızla örtmək faydasızdır
Çoxlarının tətbiq etdiyi üsul — oturacağı tualet kağızı ilə örtmək də təsirli deyil. Çünki kağız məsaməli quruluşa malikdir və mikrobların ötürülməsinə mane ola bilmir.
Mütəxəssislər bildirirlər ki, ictimai tualetlərdə ən effektiv tədbir gigiyenaya diqqət yetirmək, əlləri yaxşı yumaq və gözə görünən dərəcədə çirkli tualetlərdən uzaq durmaqdır.
Tərcümə: Könül Oruc