Onkoloq, tibb elmləri namizədi və Khabensky Fondunun tibbi məsləhətçisi Maksim Kotov xərçəngin səbəbləri ilə bağlı bir neçə ümumi yanlış fikirləri təkzib etdi.
E-saglam.az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində xərçənglə bağlı əsas mifləri dağıtdı.
"Cib telefonlarının, kompüterlərin və qadcetlərin beyin şişlərinə, dezodorantdan istifadənin döş xərçənginə, mikrodalğalı sobaların isə həzm sisteminin xərçənginə səbəb olması barədə mif var. Lakin çoxsaylı elmi araşdırmalar bu əlaqəni təsdiqləməyib", - həkim əminliklə deyib.
Həkimin sözlərinə görə, başqa bir mif onkoloji xəstəliklərin uzun müddət davam edən emosional stresslə əlaqələndirilə biləcəyi fikridir. Kotov vurğuladı ki, stress birbaşa xərçəngə səbəb olmur, lakin xroniki formada şiş hüceyrələrini məhv etməkdən məsul olan immun sisteminə dolayı təsir göstərə bilər.
Həkim əlavə edib ki, xərçəngin geni dəyişdirilmiş məhsulların (GMO) istehlakı səbəbindən inkişaf edə biləcəyinə dair inandırıcı elmi dəlil yoxdur. Onun sözlərinə görə, şəkər istehlakı da xərçəng riskini artırmır.
Bir çox insanlar səhvən şəkərin şiş hüceyrələrini qidalandırdığını düşünürlər. Bununla belə, bütün hüceyrələr enerji üçün qlükoza istifadə edirlər - həm şiş, həm də normal. Şəkərdən imtina etmək bədənin yalnız yağlardan və ya zülallardan qlükoza sintez etməsinə səbəb olacaq. Digər tərəfdən, qlükoza olmayan sağlam hüceyrələr də əziyyət çəkəcək
Bununla yanaşı, Kotov qeyd edib ki, həddindən artıq şəkər istehlakı çoxlu sayda şiş üçün risk faktoru olan piylənməyə səbəb ola bilər.
Tərcümə: Könül Oruc