Yandex watch
Xərçəngdə İNQİLABİ müalicə sınağı:

Xərçəngin müalicəsində yeni səhifə açacaq araşdırmanın ilk nəticələri son dərəcə müsbət olub. Yale Universiteti tərəfindən hazırlanmış xərçəng peyvəndini istifadə edən doqquz böyrək xərçəngi xəstəsi tam sağaldı.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Yale Universiteti tərəfindən hazırlanmış fərdiləşdirilmiş xərçəng peyvəndi, doqquz böyrək xərçəngi xəstəsində şişləri tamamilə məhv etdi. Üç il izlənilən xəstələrdə xəstəliyin geri qayıtmadığı məlum olub.

Hər xəstənin quruluşu üçün xüsusi dizayn olunub

DailyMail-in məlumatına görə, 2019-2021-ci illər arasında xəstələrə tətbiq edilən eksperimental peyvənd əməliyyatdan sonra bədəndə qalan xərçəng hüceyrələrini hədəf alıb və sağlam toxumalara zərər vermədən onları effektiv şəkildə məhv edib. Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən hazırlanmış bu innovativ peyvənd hər bir xəstənin bioloji quruluşu üçün xüsusi olaraq hazırlanmışdır.

Araşdırmanın aparıcı müəllifi Dr. David Braun, immun sistemini yalnız şişə xas mutasiyaları tanımaq və məhv etmək üçün proqramlaşdırmağı hədəflədiklərini ifadə edərək, "Bu peyvənd hər bir xəstə üçün xüsusi olaraq hazırlanır", - dedi.

Böyrək xərçənginin ən ölümcül növlərindən biri olan şəffaf hüceyrəli böyrək hüceyrəli karsinoması (ccRCC) diaqnozu qoyulan xəstələrin 85-90 faizində ölümlə nəticələnir. Ancaq bu yeni peyvənd xəstəliyin geri qayıtmasının qarşısını almaq üçün bir ümid işığı verdi.

Tədqiqatdan əhəmiyyətli məlumatlar

9 xəstəyə ümumilikdə 7 doza vaksin vurulub.

Xəstələrin immun sistemləri xərçənglə əlaqəli mutasiyaların 65 faizinə qədərini tanıyıb və onlara cavab verib.

Peyvənd xəstəliyin geri qayıtmasının qarşısını tamamilə aldı.

Heç bir ciddi əlavə təsir müşahidə edilmədi, yalnız yüngül qripə bənzər simptomlar bildirildi.

Peyvənd immunitet sisteminə xərçəng hüceyrələrini tanımağa imkan verən “neoantigenlər” adlı zülal fraqmentlərindən istifadə edilməklə hazırlanıb. Xərçəngə xas zülalları müəyyən etmək üçün hər bir xəstənin şişi genetik olaraq analiz edilib. Sonra immun sistemini bu zülalları hədəf almağa yönəldən xüsusi peptidlər sintez edildi.

Həkim "T-hüceyrələrinin güclü və uzunmüddətli immun reaksiya verməsi onu göstərir ki, xərçənglə mübarizədə immun reaksiyasını qalıcı edə bilərik. Bu, son dərəcə ümidverici bir inkişafdır", - Braun bildirib.

Tədqiqatın nəticələri elm dünyasının ən nüfuzlu jurnallarından biri olan Nature jurnalında dərc olunub. Bununla belə, vaksinin dəqiq effektivliyini müəyyən etmək üçün daha geniş miqyaslı testlər aparılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az