Rosbiotex Universitetinin Biotexnologiya və Bioüzvi Sintez kafedrasının professoru, mühəndislik elmləri doktoru Yelena Alekseenko bildirib ki, müəyyən qidalar xərçəng riskini azalda bilər, lakin heç biri tam qoruma təmin etmir.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, təkcə sağlam qidalanmaya güvənmək doğru deyil — müayinələr, həkimə müraciət, çəkini nəzarətdə saxlamaq və fiziki aktivlik də eyni dərəcədə vacibdir.
Alekseenko qeyd edib ki, təbii meyvə şirələri, giləmeyvələr, tərəvəzlər, zəncəfil, zərdəçal və oxşar məhsulların tərkibində təbii antioksidanlar var və bu maddələr xərçəng riskinin azalmasına müsbət təsir göstərə bilər. Lakin onları “qoruyucu qalxan” kimi görmək yanlış yanaşmadır.
Mütəxəssis xəbərdarlıq edir: detoks pəhrizləri və “bədəni kanserogenlərdən təmizləyən” əlavələr əslində təhlükəli ola bilər. Qaraciyər və böyrəklər onsuz da təbii detoks prosesini effektiv şəkildə həyata keçirir və süni əlavələrin həddindən artıq qəbulu bədənə zərər verə bilər. Həkimlə məsləhətləşmədən belə üsullara müraciət etmək məsləhət görülmür.
Alekseenko vurğulayıb ki, elmi baxımdan xərçəngdən qorunmanın əsas yolu hərtərəfli sağlam həyat tərzidir. Bu yanaşmaya tərəvəz, meyvə, protein və liflə zəngin balanslı qidalanma, normal çəkinin qorunması, siqaretdən uzaq durmaq, spirtli içkilərin azaldılması, müntəzəm fiziki aktivlik və davamlı tibbi müayinələr daxildir.
Professorun sözlərinə görə, hazırda xərçəngdən tam qoruyan tək bir qida və ya üsul mövcud deyil.
Tərcümə: Könül Oruc