
Toyuq əti düzgün saxlanmadıqda və ya bişirilmədikdə sağlamlıq üçün təhlükə yarada bilər. Qida zəhərlənməsinin qarşısını almaq üçün onun xarab olub-olmadığını müəyyənləşdirmək vacibdir.

E-saglam.az xəbər verir ki, əgər toyuqdan turş, ammonyak kimi qoxu gəlirsə, bu, bakteriyaların artdığına işarədir. Təzə toyuq solğun çəhrayı rəngdə olur, lakin xarab olduqda boz və ya yaşılımtıl rəng alır. Əgər toyuğun səthi yapışqan və sürüşkəndirsə, bu da onun xarab olduğunun göstəricisidir.
Toyuq ətinin xarab olmasının səbəbləri arasında uzun müddət otaq temperaturunda qalması, düzgün saxlanmaması və daşınmaması var. Toyuq ətini soyuducuda, 2-4°C temperaturda saxlamaq vacibdir. Bişirərkən isə tam olaraq – ən azı 75°C temperaturda bişirilməlidir.
Alarkən məhsulun son istifadə tarixinə baxmaq, qablaşdırmada hər hansı deşik və ya sızma olub-olmadığını yoxlamaq lazımdır. Toyuq saxlanılan mühit təmiz və həşəratsız olmalıdır.
Xarab toyuq ətinin istehlakı qida zəhərlənməsinə, Salmonella və Campylobacter kimi bakteriyaların yaratdığı ciddi infeksiyalara səbəb ola bilər. Odur ki, hər hansı şübhəli əlamət gördükdə toyuq ətindən istifadə etməmək ən doğrusudur.
Tərcümə: Könül Oruc