
Gündəlik vərdişlərimiz bədənimizə böyük təsir göstərir. Sağlam həyat tərzi yalnız fiziki deyil, eyni zamanda ruhi sağlamlığımız üçün də vacibdir. Ancaq bəzən fərqində olmadan özümüzə zərər verən vərdişlərə sahib oluruq.

E-saglam.az bədəni tədricən məhv edən və çoxlarının etdiyi 5 səhvi təqdim edir:
1. Oturaq həyat tərzi
Uzun müddət hərəkətsiz qalmaq ürək xəstəlikləri, piylənmə və erkən ölüm riskini artırır. Əgər oturaq işlə məşğulsunuzsa, hər saat bir neçə dəqiqə ayağa qalxıb hərəkət etmək, su içmək və kiçik gəzintilər etmək vacibdir.
2. Siqaret və alkoqol istifadəsi
Siqaret və alkoqolun orqanizmə nə qədər zərərli olduğunu hər kəs bilir. Hətta az miqdarda qəbul belə, uzunmüddətli təsirlərlə sağlamlığınıza ciddi ziyan vura bilər. Siqareti tərgitmək və alkoqol istehlakını məhdudlaşdırmaq bədəniniz üçün verəcəyiniz ən yaxşı qərarlardan biridir.
3. Yuxu rejiminin pozulması
Müntəzəm olaraq 6-7 saatdan az yatmaq immun sistemini zəiflədir, tez-tez xəstələnməyə və ömrün qısalmasına səbəb olur. Gündəlik yuxu rejiminə riayət etmək, həftə sonları da daxil olmaqla eyni saatda yatıb-durmaq bədəninizin biologiyasına uyğun olaraq daha sağlam hiss etməyinizə kömək edəcək.
4. Xroniki stress
Stress bədəndə hormonal balanssızlığa, saç tökülməsinə, həzm problemlərinə və hətta ciddi xəstəliklərə səbəb ola bilər. Stressin idarə olunması üçün meditasiya, yoqa və digər rahatladıcı üsullardan istifadə etmək faydalıdır.
5. Həddindən artıq şəkər istehlakı
Ağ şəkər çəki artımına, dəri problemlərinə və diabetə səbəb olur. Şəkəri birdən-birə kəsmək çətin olsa da, onun istehlakını azaltmaq və sağlam alternativlərə, məsələn, bal və təbii meyvələrə üstünlük vermək vacibdir.
Bundan əlavə, kifayət qədər su içməmək, ekran qarşısında çox vaxt keçirmək, səhər yeməyini atlamaq və psixi sağlamlığa diqqət etməmək də bədənə zərər verən digər vərdişlərdəndir. Sağlam həyat üçün bu vərdişlərdən uzaq durmaq vacibdir.
Tərcümə: Könül Oruc