Yandex watch
Viaqranı unudun: alimlər libidonu artıran

Alimlər kişilərdə cinsi istəyi artıran yeni bir üsul kəşf ediblər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, "Cell Metabolism" jurnalında dərc olunan araşdırmaya əsasən, aralıq oruc libidoya təsir edən mühüm amillərdən biri ola bilər.

Sciencepost.fr yazır ki, DZNE-nin, Qingdao Universiteti və Sağlamlıq və Reabilitasiya Elmləri Universiteti ilə birgə apardığı təcrübələr zamanı orucun kişi cinsinə gözlənilməz təsirləri müşahidə olunub. 24 saatlıq orucdan sonra erkək siçanlarda cinsi istəkdə əhəmiyyətli artım qeydə alınıb.

Tədqiqatın ilkin məqsədi orucun məhsuldarlığa təsirini araşdırmaq olsa da, alimlər oruc tutan, yaşı artmış erkək siçanların daha çox nəsil verdiyini müşahidə ediblər. Maraqlısı odur ki, bu artım testosteron səviyyəsinin yüksəlməsi ilə deyil, cinsi davranışdakı dəyişikliklərlə əlaqələndirilib. Oruc tutan siçanlar cütləşməyə daha tez meyilli olublar.

Təcrübə zamanı siçanlar 24 saat yeməksiz, yalnız su ilə qidalanıb, daha sonra 24 saatlıq sərbəst yemək rejiminə keçiblər. Bu dövr tam 22 ay davam etdirilib. Protokola 6 ay əməl edən daha gənc siçanlarda da cinsi aktivliyin nəzərəçarpacaq dərəcədə artdığı görülüb.

Tədqiqatda həmçinin serotonin hormonunun roluna da diqqət çəkilib. Serotonin əhval-ruhiyyəni tənzimləməklə yanaşı, libidonu da tənzimləyən amillərdəndir. Aralıq oruc zamanı serotonin səviyyəsinin aşağı düşməsi cinsi istəyi artıran səbəblərdən biri kimi göstərilib. Çünki bu hormonun istehsalında iştirak edən triptofan yalnız qida ilə qəbul olunur. Qidalanma azaldıqda triptofan və buna bağlı olaraq serotonin səviyyəsi də düşür.

Alimlər bu təsirin yalnız kişilərə deyil, qadınlara da aid ola biləcəyini bildirirlər. Tədqiqat rəhbəri professor Den Ehninger qeyd edir ki, serotoninin insan libidosuna təsiri artıq məlumdur. Antidepresanların (xüsusilə SSRI) libidonu azaltması da bununla əlaqələndirilir.

Əgər bu tapıntılar insanlar üzərində də təsdiqlənsə, aralıq oruc gələcəkdə cinsi istək pozğunluqlarının təbii və dərmansız müalicəsində mühüm yer tuta bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az