Varikoz damarları vaxtında müalicə edilməzsə, sağlamlıq üçün ciddi problemlər yarada bilər.
E-saglam.az xəbər verir ki, ürək və damar cərrahı Dos. Dr. Ahmet Erdem və Prof. Dr. Emir Cantürk bu xəstəliyin xüsusilə qadınlar arasında geniş yayılmış və irəliləmədən müdaxilə edilməsinin vacibliyini bildiriblər.
Xəstəliyin səbəbi qan axınının pozulmasıdır
Prof. Dr. Emir Cantürk qeyd edib ki, varikoz damarlar adətən qadınlarda və yaşlı insanlarda daha çox rast gəlinir. Bu xəstəlik zamanı qanın ayaqlardan ürəyə doğru axını pozulur və əks istiqamətə dönür. Bu vəziyyət “sızma” adlanır. Sadə fiziki müayinə və ultrasəs vasitəsilə varikoz asanlıqla müəyyən edilə bilər.
Müalicə üsulları: çıxarma, yandırma və tıxama
Müalicə xəstənin damarlarının vəziyyətinə uyğun seçilir. Prof. Cantürk bildirib ki, varikozu aradan qaldırmaq üçün üç əsas üsul var: damarın çıxarılması, lazer və ya radiotezliklə yandırılması və ya damarların tıxanması. Xüsusilə lazer və radiotezlik üsulu genişlənmiş damarlar üçün çox təsirlidir. Hər iki ayaqda eyni anda müdaxilə mümkündür.
Kapilyar damarlar üçün köpük müalicəsi
Kapilyar (incə səthi damarlar) varikozlarında isə köpük müalicəsi tətbiq olunur. Bu üsul narkoz tələb etmir, cəmi 15 dəqiqə çəkir və tez nəticə verir. Adətən qış aylarında üstünlük verilsə də, yayda da tətbiqində heç bir problem yoxdur. Yayda narahat olmaq istəməyənlər üçün qış müalicəsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc