Üzdə damarları görünənlər: Bu, ciddi xəstəlikdir
Üzdə damarları görünənlər: Bu, ciddi xəstəlikdir

Üzündə damarları görünən, pörtmüş, qırmızı dərili insanlarla tez-tez qarşılaşırıq. Əslində bu, onların təbii üz dərisinin quruluşu deyil. Bu, rozasea kuperoz xəstəliyinin əlamətləridir.

Məsələ ilə bağlı E-saglam.az-a danışan kosmetoloq Dr. Elnarə Rzayeva deyir ki, rozasea kuperoz dəri və damar xəstəliyi qrupuna aiddir. Bu, həm damar problemi, həm də dəri xəstəliyi hesab olunur.

Rozasea kuperozun yaranma səbəbi damarların divarlarında damar keçiriciliyinin pozulmasıdır. Genetik xarakter daşıyır, irsi xəstəlikdir. Əsasən qadınlarda olur. Lakin kişilərdə də rast gəlmək mümkündür.

Xəstəliyin yaranma səbəbləri:

- Düzgün qidalanmamaq
- İstiotlu, qıcıqlandırıcı qidalar qəbul etmək
- Fast-food yeməklər yemək (tərkibində ədvalar çox olur)
- Spirtli içkilər
- Siqaret/nikotin



Xəstəliyin bir neçə mərhələsi var: 1, 2, 3, 4-cü dərəcə. Birinci dərəcə xəstəliyin sadə mərhələsidir: "Bu mərhələdə dəridə sanki utancaqlıq qızarması yaranır. Məsələn, daha çox istidən soyuğa, soyuqdan istiyə çıxanda özünü büruzə verir. İsti yemək, su, çay, spirtli içki qəbul etdikdə insan pörtür. Buna el arasında "utancaqlıq əlaməti" deyilir. Əslində isə kuperoz rozaseanın birinci mərhələsidir. Müalicəsi vaxtında başlanılsa, xəstəliyin gedişatını elə ilk mərhələdə saxlamaq olar".

Rozasea kuperozun ilk mərhələsinin müalicəsi damar divarlarını bərkidən vitaminlərin yeridilməsi ilə həyata keçirilir. Bununla yanaşı, düzgün qidalanmaya əməl etmək mütləqdir.

Kosmetoloq bu mərhələdə müalicəyə başlamadıqda və qidalanmaya fikir verilmədikdə prosesin ikinci dərəcəyə keçdiyini deyir: "İkinci mərhələdə üzdə sadəcə qızartı yaranmır, eyni zamanda, artıq üzdə olan damar toru görünür. Həmçinin buraya papulokistoz elementləri, yəni səpkilər də qoşulur. Üzdə qızartı sadəcə istidən soyuğa girib çıxanda, qidalanmanın düzgün yerinə yetirilmədiyi halında deyil, hər zaman olur".

Rozasea kuperozun üçüncü dərəcəsində isə papulokustiloz elementlərin - səpkilərin sayı bir daha artır və artıq böyük damar, damar toru görünür. Üz sanki hörümçək toruna oxşayır. Bununla yanaşı üzdə qaşınma yaranır.

Rozasea kuperozun ən son və qorxulu mərhələsi isə dördüncü dərəcədir. Bu zaman artıq insanın üz quruluşunda dəyişikliklər baş verir: "Bu mərhələdə burun, çənə, qulaqlar böyüyür, yəni artıq dəridə gipertrofiya baş verir. Damarların genişlənməsi fonunda damar durğunluğu əmələ gəldiyinə və dəri kobudlaşdığına görə bədən hissələri böyüməyə başlayır. Populopustulalar də öz növbəsində qalmaqda davam edir. Bu mərhələdə artıq həm estetik görünüş çox korlanmış olur, həm də pasientləri sağlamlıq baxımından daha çox narahat edir".

Rozasea kuperozun müalicəsi

Mütəxəssis müalicəyə tez başlandıqda yaxşı nəticələr əldə ediləcəyini deyir. Bu xəstəliyin müalicəsində sadəcə dərmanlar deyil, pəhriz əsas rol oynayır: "Düzgün pəhriz saxlanıldıqda xəstəliyin gedişatının irəliləməsinin qarşısını almaq olar. Bundan əlavə, müasir tibbi-estetik prosedurlar arasında mezoterapiya ve ya biorevitalizasiya üsulundan da faydalanmaq mümkündür. Damar keçiriciliyini yaxşılaşdıran, üzdə olan damarların görüntüsünü itirən xüsusi mezoterapevtik kokteyllərdən yararlanan müalicə kursu təyin edilir".

Könül Oruc