Tibbi xəbərlər
Uşağınızın duruşuna diqqət yetirmisinizmi? Bu problem qalıcı fəsadlara yol aça bilər
Tibbi xəbərlər
159

Uşağınızın duruşuna diqqət yetirmisinizmi? Bu problem qalıcı fəsadlara yol aça bilər

Fiziki Təbabət və Reabilitasiya mütəxəssisi Dr. Gökhan Özkoçak, skolyozun təkcə estetik deyil, sağlamlıq baxımından da ciddi risklər daşıdığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, erkən diaqnoz qoyulan hallarda cərrahi müdaxiləyə ehtiyac qalmadan müalicə mümkün olur.

Skolyoz nədir və kimlərdə rast gəlinir?

Skolyoz — onurğanın sağa və ya sola doğru 10 dərəcədən artıq əyilməsi ilə xarakterizə olunan duruş pozuntusudur. Bu problemə xüsusilə 10–15 yaş arası uşaqlarda rast gəlinir. Dr. Özkoçak qeyd edir ki, skolyoz qız uşaqlarında oğlanlara nisbətən 8-10 dəfə daha çox görülür.

Ən çox məktəb dövründə müşahidə olunur

Mütəxəssis erkən diaqnozun müalicə prosesini xeyli asanlaşdırdığını bildirib. Onun sözlərinə görə, valideynlər aşağıdakı əlamətlərə diqqət yetirməlidirlər:

  • Çiyinlərdə bərabərsizlik

  • Kürək sümüklərindən birinin daha çox önə çıxması

  • Bel və omba nahiyəsində qeyri-simmetriya

  • Ümumi duruşda əyilmə

Bu əlamətləri müşahidə etdikdə, mütləq fizioterapevt müayinəsi tövsiyə olunur.

Müalicə necə aparılır?

Dr. Özkoçak bildirir ki, əyriliyin dərəcəsinə görə fərqli müalicə üsulları tətbiq olunur:

  • 10–20 dərəcə arasında: xüsusi onurğa məşqləri ilə yaxşı nəticələr əldə olunur.

  • 20–40 dərəcə arasında: məşqlərlə yanaşı, xüsusi korsetlərdən istifadə edilir.

  • 40 dərəcədən yuxarı: cərrahi müdaxilə nəzərdən keçirilir.

O vurğulayıb ki, vaxtında müdaxilə edilən əksər hallarda, uşaqlar böyümə prosesini tamamladıqda normal onurğa quruluşuna sahib ola bilirlər.

“Onurğa bədənin almazıdır”

Dr. Özkoçak əlavə edib ki, onurğa sağlamlığını ömür boyu qorumaq vacibdir:

“Dərimizə necə qulluq edirik, eyni diqqəti onurğamıza da göstərməliyik. Duruş pozuntularını ciddiyə almalıyıq. Erkən müdaxilə ilə problemin irəliləməsinin qarşısını almaq mümkündür. Unutmayın, onurğa bədənin almazıdır”.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun