
Uşağı pampersdən çıxarmaq hər bir valideyn üçün vacib mərhələlərdən biridir və bu proses səbir, ardıcıllıq və düzgün yanaşma tələb edir.

E-saglam.az xəbər verir ki, adətən, uşaqlar 18-36 ay arasında tualet vərdişlərinə hazır olurlar, lakin hər uşağın inkişaf tempi fərqlidir.
Hazır olub-olmadığını necə anlamaq olar?
Uşağınız pampersini uzun müddət quru saxlayırsa, tualetə getməzdən əvvəl və ya sonra narahatlıq ifadə edirsə, çəkmələrini və ya alt paltarını özü geyinib-çıxara bilirsə, o zaman bu prosesə başlamaq olar.
Necə çıxartmalı?
Əvvəlcə uşağa tualet və qazanı tanıtmaq lazımdır. Onu məcbur etmədən, oyun şəklində qazandan istifadə etməyə öyrəşdirmək daha effektivdir. Hər dəfə pampers dəyişəndə uşağa izah etmək, nizamlı şəkildə qazanda oturtmaq və hər uğura müsbət reaksiya vermək prosesi asanlaşdırır.
Tualet vərdişini necə formalaşdırmaq olar?
Gün ərzində müəyyən fasilələrlə uşağı qazana oturtmaq lazımdır. Xüsusilə yeməkdən və yatmazdan əvvəl qazandan istifadə etməyə təşviq etmək faydalıdır. Uşaq özü qazana getmək istəyəndə tələsməməli, səbirli olmalısınız.
Gecə pampersini necə tərgitmək olar?
Gündüz qazana alışdıqdan sonra gecə pampersdən çıxarmaq üçün yataqdan əvvəl maye qəbulunu azaltmaq və yatmazdan əvvəl mütləq tualetə aparmaq vacibdir. İlk günlərdə ehtiyat üçün yatağa su keçirməyən örtük qoymaq da faydalıdır.
Əsas məqam odur ki, bu proses uşağın təbii inkişafına uyğun aparılmalı, məcbur edilməməli və hər irəliləyiş müsbət qarşılanmalıdır.
Könül Oruc