Ürək sağlamlığını qorumaq üçün təkcə kifayət qədər zülal qəbul etmək deyil, onun düzgün mənbəsini seçmək də böyük əhəmiyyət daşıyır. Tədqiqatlar göstərir ki, yağlı və emal olunmuş ətlərdən uzaq durub sağlam zülal alternativlərinə üstünlük verənlərdə koronar ürək xəstəliyi riski xeyli azalır.
E-saglam.az xəbər verir ki, Verywellhealth məlumat verir ki, doymuş yağla yükləmədən yüksək qida dəyəri verən məhsullar ürək üçün ən etibarlı seçimdir.
Yağlı balıq növləri omeqa-3 yağ turşuları ilə ürək-damar sistemini qoruyan ən təsirli qidalardandır. Qızılbalıq kimi balıqların müntəzəm qəbulu ürək xəstəlikləri və onlarla bağlı ölüm riskini azaltdığı sübut olunub.
Paxlalılar — mərci, lobya, noxud — həm yüksək zülal, həm də lif tərkibinə görə siyahıda mühüm yer tutur. Doymuş yağ demək olar ki, olmadığı üçün bu qidalar pəhrizdə nə qədər çox olsa, ürək xəstəliyi riski bir o qədər azalır.
Qoz-fındıq kalium, maqnezium və sağlam yağlarla ürək üçün ən praktik qoruyuculardan biridir. Qan təzyiqini tarazlayır və “pis” xolesterolun səviyyəsini aşağı salmağa kömək edir.
Bitki əsaslı zülal mənbələri içində seçilən tofu tərkibindəki izoflavonlarla güclü antioksidan təsir göstərir. Bu, xolesterolun aşağı düşməsinə və ürək-damar sisteminin qorunmasına kömək edir.
Tədqiqatlar göstərir ki, tam yağlı ətlər əvəzinə az yağlı süd məhsullarını seçmək ürək sağlamlığına faydalıdır. Yağsız və ya az yağlı seçimlərə üstünlük verilməsi riskləri əhəmiyyətli dərəcədə azaldır.
Toyuq, hinduşka və yağsız mal əti kimi məhsullar emal olunmuş ətlərin əvəzinə daha təhlükəsiz zülal mənbəyi hesab olunur. Doymuş yağın az olması onları ürək üçün daha uyğun edir.
Yulaf “pis” xolesterolun azalmasına kömək edən liflə zəngindir, kinoa isə lipid balansını normallaşdırır və bədən çəkisini stabilləşdirməyə dəstək olur. Hər iki məhsul həm protein, həm də antioksidant baxımından güclüdür.
Qidalı maya isə amin turşuları və iltihab əleyhinə maddələrlə ürək-damar sistemini qoruyan bitki mənşəli məhsullardan biridir və son illər mətbəxlərdə getdikcə daha çox istifadə olunur.
Mütəxəssislər bildirirlər ki, zülal ehtiyacı yaşa və fiziki aktivliyə görə dəyişir. Orta yetkin üçün tövsiyə olunan miqdar bədən çəkisinin hər kiloqramına təxminən 0,8 qramdır. Eyni zamanda, həddindən artıq protein qəbulunun böyrəklərə əlavə yük yaratdığı da unutulmamalıdır.
Tərcümə: Könül Oruc