Türk dövlətləri arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum imzalanıb.
E-saglam.az xəbər verir ki, tərəflər sənədi iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresi çərçivəsində razılaşdırıblar.
Memorandum Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Türkiyə arasında imzalanıb.
Bu memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi-praktik fəaliyyətin birgə davam etdirilməsi, elmi işlərin birgə aparılması kimi məsələlər nəzərdə tutulur.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində dünyanın on ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyəcək, fikir mübadiləsi aparacaqlar.
Konqres işini iyunun 14-dək davam etdirəcək.