Tüpürcək vəzi xərçənginin ilkin əlamətləri nələrdir?
Tüpürcək vəzi xərçənginin ilkin əlamətləri nələrdir?

Tüpürcək vəzi xərçəngi uzun müddət nəzərə çarpan simptomlar olmadan inkişaf edir. Bununla belə, boyun, yanaq, qulaq, çənə və ya ağızda görünən topaq və şişlərə diqqət etməli və dərhal həkimə müraciət etməlisiniz.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Mamma” klinikasının baş həkimi, oftalmoloq və onkoloq Anton İvanov danışıb.

Bu xərçəng növünün əlamətləri arasında çeynəmə, udma və ağızı geniş açmağa çalışarkən narahatlıq hissi, üz əzələlərinin sərtliyi, şişlik və üzdə uyuşma hissi daxildir.

Həkim bildirib ki, tüpürcək vəzi xərçənginin meydana gəlməsinin dəqiq səbəbləri hələ də mütəxəssislər tərəfindən müəyyən edilməmişdir: 

"Eyni zamanda, bu növ xərçəngin inkişaf riskini artıra bilən bir sıra amillər müəyyən edilmişdir. Bura siqaret çəkmək, çox miqdarda heyvani yağlar istifadə edilməsi, təhlükəli istehsalatda iş, müxtəlif xəsarətlər, onkogen viruslar nəticəsində yaranan xroniki iltihab, alkoqol istehlakı, yaş faktoru (insanın yaşı nə qədər çoxdursa, risklər bir o qədər yüksəkdir), şəxsin cinsi (qadınlara xərçəngin bu növü daha az rast gəlinir) və s. daxildir".

Anton İvanovun sözlərinə görə, tüpürcək vəzi xərçəngi onkologiyanın nadir növüdür və bədxassəli şişlərin 5%-dən azını təşkil edir. Bu xəstəliyi olan xəstələr üçün proqnoz xəstəliyin mərhələsindən, bədxassəli şişin növündən, müalicənin başlama vaxtından və həyata keçirilən prosedurların effektivliyindən asılıdır.

"Ona görə də hər hansı şübhəli hisslər və ya simptomlar yaranarsa, təhlükəsizlik üçün gecikmədən həkimə müraciət etmək lazımdır", - İvanov qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az