Tünd şokoladın müntəzəm istifadəsinin sağlamlığa müsbət təsirləri ilə bağlı bir sıra araşdırmalar mövcuddur.
E-saglam.az xəbər verir ki, Britaniyanın nüfuzlu tibb jurnalı The British Medical Journal (BMJ)-də dərc olunan son araşdırmaya görə, həftədə 5 və ya daha çox porsiya tünd şokolad istehlakı 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə, yəni 21 faiz azalda bilər.
1986-2021-ci illər arasında aparılan bu genişmiqyaslı tədqiqat təxminən 192 min insanın iştirakını əhatə edib. İştirakçılar üzərində şokoladın ümumi təsiri və növləri (tünd və südlü) fərqli qruplar arasında araşdırılıb.
Nəticələr:
Şokolad yeyənlərdə 2-ci tip diabet riski, az yeyənlərə nisbətən 10 faiz aşağıdır.
Həftədə 5 porsiya tünd şokolad yeyənlərdə isə bu risk 21 faizədək azalır.
Südlü şokoladın isə belə bir təsiri müşahidə edilməyib və onun uzunmüddətli istifadəsinin çəki artımına səbəb olduğu bildirilib.
Tünd şokoladın əlavə faydaları:
Araşdırma tünd şokoladın ürək-damar sistemi üzərində qoruyucu təsirə malik olduğunu, antioksidant və ödem azaldıcı xüsusiyyətlər göstərdiyini də vurğulayıb.
Xəbərdarlıqlar:
Hərçənd ki, tünd şokoladın müsbət təsirləri sübuta yetirilib, alimlər bu tapıntıların daha geniş və nəzarət olunan tədqiqatlarla təsdiqlənməsini tövsiyə edirlər.
Mühüm fakt:
2019-cu ildə dünyada təxminən 463 milyon insan tip 2 diabetdən əziyyət çəkirdi. 2045-ci ilə qədər bu rəqəmin 700 milyona çatacağı proqnozlaşdırılır.
Beləliklə, balanslı qidalanma və fiziki aktivliklə yanaşı, tünd şokoladı düzgün miqdarda pəhrizinizə əlavə etmək sağlam həyat tərzinə töhfə verə bilər.
Tərcümə: Könül Oruc