Bəzən saçlar sanki səbəbsiz seyrəlməyə və ya qırılmağa başlayır, amma sonradan məlum olur ki, problem dəriyə qulluq məhsulları və ya genetika ilə deyil, gündəlik vərdişlərlə bağlıdır.
E-saglam.az xəbər verir ki, "Doctor Hair" trixologiya klinikasının trixoloqu və dermatoveneroloqu Tatyana Qonçarova bəzi saç düzümlərinin saçlara ciddi zərər verə biləcəyini bildirib.
Həkimin sözlərinə görə, saç follikulu baş dərisindəki kiçik əzələ vasitəsilə yerində saxlanılır. Saçlar daim gərgin vəziyyətdə olduqda bu sahəyə artıq yük düşür. Nəticədə follikul zədələnə, saç tökülməsi baş verə və hətta baş dərisində mikroçapıqlar yarana bilər ki, bu da daimi saç tökülməsinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, uzun müddət güclü gərginlik yaradan saç düzümləri ən zərərli hesab olunur. Bunlara saç uzatmaları, Afrika hörükləri və dredloklar daxildir. Həkim əlavə edib ki, dar topuzlar, çox bərk bağlanan hündür at quyruqları və saçın daim arxaya daranması da saç köklərinə zərər verə bilər.
Qonçarova həmçinin saçların tez-tez burulması və düzləşdirilməsinin də zərərli olduğunu bildirib. Onun sözlərinə görə, bu prosedurlar saçın strukturuna təsir edir, kökünü zəiflədir və saçların müxtəlif səviyyələrdə qırılmasına səbəb ola bilər.
Həkim vurğulayıb ki, zədələnmiş saçları tam bərpa etmək hər zaman mümkün olmur. Buna görə də problem yarandıqda gecikmədən mütəxəssisə müraciət etmək və saçlara zərər verən amilləri vaxtında aradan qaldırmaq vacibdir.
Tərcümə: Könül Oruc