Kəpək yoluxucu olmasa da, qaşınma, qıcıqlanma və yanma səbəbindən çox narahatedici ola bilər.
E-saglam.az xəbər verir ki, dermatoloq-trixoloqu Tatyana Qonçarov kəpəyin əsas səbəblərini və mübarizə yollarını izah edib.
Həkimin sözlərinə görə, kəpəyin – yəni baş dərisində quru qabıqların əmələ gəlməsinin – ən yayılmış səbəbi göbələk florasının həddindən artıq çoxalmasıdır. Bu proses genetik meyl, mədə-bağırsaq problemləri, hormonal disbalans, baş dərisinin yağlılığının artması və hətta diabet kimi sistem xəstəlikləri fonunda baş verə bilər.
Qonçarovaya görə, yanlış saç baxımı da kəpəyə səbəb olan əsas amillərdəndir. Səhv seçilmiş şampunlar, sərt “ev maskaları” və ya baş dərisini qıcıqlandıran prosedurlar vəziyyəti daha da ağırlaşdıra bilər. Bəzi hallarda yalnız düzgün baxım qaydasını seçmək kifayət edərkən, digərlərində isə problemin kökündə duran sağlamlıq pozuntularını araşdırmaq tələb olunur.
Mütəxəssis bildirir ki, kəpək ayrıca xəstəlik yox, bədəndəki gizli problemlərin siqnalı ola bilər. Ona görə də saç və baş dərisi ilə bağlı narahatlıqlar zamanı trixoloq və ya dermatoveneroloqa müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc