Akdeniz Universitetinin apardığı araşdırma doğuş zamanı əldə edilən amniotik mayenin orqan transplantasiyasında hüceyrə zədələnməsini azaltdığını və qaraciyəri daha uzun müddət sağlam saxladığını ortaya çıxarıb.
E-saglam.az xəbər verir ki, kök hüceyrələr, böyümə faktorları və iltihab əleyhinə komponentlərlə zəngin olan bu maye, istifadə olunmayan orqanları transplantasiya üçün yararlı hala gətirmək potensialına malikdir.
Ümumi Cərrahiyyə və Biotexnologiya üzrə mütəxəssis Dos. Dr. Özgür Dandin, hər il donor çatışmazlığı səbəbindən minlərlə insanın həyatını itirdiyini bildirib. Klassik qoruyucu məhlulların bəzi hallarda qaraciyərə zərər verdiyini qeyd edən alim, amniotik mayenin hüceyrə ölümünü əhəmiyyətli dərəcədə azaltdığını və daha effektiv qoruma təmin etdiyini vurğulayıb.
Tədqiqatın məqsədi, ilkin baxışda transplantasiyaya yararsız hesab edilən qaraciyərləri bu yeni üsulla yenidən istifadə edilə bilən hala gətirməkdir. Yeni layihədə amniotik maye ilə klassik qoruyucu məhlulların insan üzərində müqayisəsi planlaşdırılır.
Bu bioloji məhlənin gələcəkdə qaraciyərdən başqa böyrək, mədəaltı vəzi və digər orqanların qorunmasında da istifadəsi nəzərdə tutulur. Dandin, amniotik mayenin regenerativ tibb, fərdi müalicə və hətta kosmik tədqiqatlar üçün böyük potensial daşıdığını qeyd edib.
Tərcümə: Könül Oruc