Tibbi xəbərlər
Tibb tarixində inqilab: Amerikada sinə açmadan
Tibbi xəbərlər
89

Tibb tarixində inqilab: Amerikada sinə açmadan bypass əməliyyatı həyata keçirildi

Tibb tarixində bir ilk qeydə alınıb. ABŞ-dəki Emory Tibb Məktəbinin həkimləri sinə boşluğunu açmadan və bədəndə heç bir kəsik etmədən koronar arteriya bypass əməliyyatını uğurla həyata keçiriblər.

E-saglam.az-ın məlumatına görə, normalda açıq ürək əməliyyatı tələb edən bu prosedur ilk dəfə tam qapalı üsulla icra olunub və tibbdə yeni bir mərhhələnin başlanğıcı kimi qiymətləndirilir.

Əməliyyat daha əvvəl aorta qapağı protezlə dəyişdirilmiş 67 yaşlı kişi xəstə üzərində aparılıb. Xəstənin süni qapağında kalsium yığılması sol koronar arteriyanın girişini daraltmağa başlamış və ciddi həyati təhlükə yaratmışdı. Süni qapaq damar girişinə çox yaxın yerləşdiyi üçün onun yenidən dəyişdirilməsi mümkün olmayıb.

Euronews-un məlumatına görə, xəstədə eyni zamanda ürək çatışmazlığı, böyrək çatışmazlığı və insult tarixçəsi mövcud idi. Bu amillər açıq ürək əməliyyatını son dərəcə riskli etdiyindən, xəstə klassik cərrahi üsullar üçün uyğun namizəd hesab olunmayıb və alternativ bir metodun tətbiqi zəruri olub.

Bu mərhələdə həkimlər daha əvvəl yalnız heyvanlar üzərində sınaqdan keçirilmiş VEKTOR texnikasını ilk dəfə insan üzərində tətbiq etməyə qərar veriblər. Sinə boşluğu açılmadan, ayaq damarlarından irəlilədilən kateterlər vasitəsilə ürəyə çatılıb və bypass proseduru həyata keçirilib.

Metod zamanı aorta ilə koronar arteriya arasında xüsusi tellərdən istifadə edilərək kiçik dəliklər yaradılıb və bypass qrefti yerləşdirilib. Bununla da tıxanmış damarı tamamilə keçən yeni qan axını yolu formalaşdırılıb və ürəyin qidalanması bərpa edilib.

Əməliyyatdan altı ay sonra xəstədə hər hansı tıxanma əlaməti müşahidə olunmayıb. Emory Tibb Məktəbinin komandası bu uğurlu əməliyyatın detalları və nəticələrini "Circulation: Cardiovascular Interventions" elmi jurnalında dərc edib. Mütəxəssislər bildirirlər ki, bu metodun açıq ürək əməliyyatına etibarlı alternativ olub-olmadığını müəyyən etmək üçün daha geniş klinik tədqiqatlara ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun