Tibbi xəbərlər
Tibb tarixində böyük kəşf:
Tibbi xəbərlər
304

Tibb tarixində böyük kəşf: dünyada ilk dəfə yeni qan qrupu aşkarlandı

Hindistanın Karnataka əyalətində, ürək əməliyyatı öncəsi aparılan qan analizləri tibbdə əlamətdar bir kəşfə səbəb olub. 38 yaşlı qadının qanında indiyədək heç bir insanda rast gəlinməyən yeni qan qrupu antigeni aşkar edilib.

E-saglam.az xəbər verir ki, “CRIB” adlanan bu nadir struktur qadını tibb ədəbiyyatına salıb və qan elminin tarixində yeni bir səhifə açıb.

Cənubi Hindistanın Kolar bölgəsində yaşayan pasiyent adi qan testlərindən keçib və ilkin olaraq onun qan qrupu O Rh+ kimi müəyyən edilib. Lakin bu qrup üzrə heç bir donorun qanı ilə uyğunluq tapılmayıb. Məsələ qeyri-adi olduğu üçün nümunələr Banqalordakı Rotary Qan Mərkəzinə göndərilib.

Burada aparılan araşdırmalar xəstənin qanının “pan-reaktiv” olduğunu – yəni bütün test nümunələri ilə reaksiya verdiyini göstərib. Qadının ailə üzvləri də daxil olmaqla daha 20 nəfərin qanı yoxlansa da, uyğun donor tapılmayıb.

Qansız əməliyyat, böyük nəticə

Donor tapılmasa da, ürək əməliyyatı qanköçürmə olmadan uğurla icra olunub. Alınan qan nümunələri İngiltərədəki Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasına göndərilib. On aylıq molekulyar analizlər nəticəsində alimlər yeni və daha əvvəl heç bir insanda rast gəlinməyən Cromer qan qrupu antigenini təsdiqləyiblər. Yeni antigenə “CRIB” adı verilib (Cromer, India, Bangalore sözlərinin qısaltması).

Dünya elminə rəsmi təqdimat

Bu nadir tapıntı 2025-ci ilin iyununda Milanda keçirilən Beynəlxalq Qanköçürmə Cəmiyyətinin (ISBT) 35-ci Regional Konqresində rəsmi şəkildə təqdim edilib. CRIB antigeni artıq dünyada tanınan nadir qan qrupları siyahısına daxil edilib.

Nadir Donor Reyestri yaradıldı

Kəşfdən sonra Karnataka Qan Mərkəzi, Hindistan Tibbi Araşdırmalar Şurası və ISBT-nin dəstəyi ilə “Nadir Donor Reyestri”ni yaradıb. Bu reyestr nadir qan qruplu xəstələrə – o cümlədən D-, Rh null və Inb mənfi – uyğun donor tapmaq üçün istifadə olunacaq.

Qeyd edək ki, bu antigen daha əvvəl yalnız bir dəfə, Qvadelupadan olan qadında müşahidə olunmuş və Beynəlxalq Qanköçürmə Cəmiyyəti tərəfindən “Sistem 48” olaraq qeydiyyata alınmışdı. CRIB isə bu siyahıya daxil edilən ən yeni və unikal nümunədir.

Hindistanın Karnataka əyalətində, ürək əməliyyatı öncəsi aparılan qan analizləri tibbdə əlamətdar bir kəşfə səbəb olub. 38 yaşlı qadının qanında indiyədək heç bir insanda rast gəlinməyən yeni qan qrupu antigeni aşkar edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun