Yandex watch
Tez-tez əsəbləşməyin infarkt riskini artırdığını bilirdinizmi? -

Qəzəb təkcə ani emosional partlayış deyil, eyni zamanda ürək sağlamlığı üçün real təhlükədir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, tez-tez və nəzarətsiz qəzəb infarkt və insult riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə ürək-damar xəstəliklərinə meyilli şəxslər üçün bu vəziyyət həyati risk daşıyır.

Qəzəb zamanı bədən necə reaksiya verir?

Qəzəblənəndə bədən “mübarizə və ya qaç” rejiminə keçir: ürək döyüntüsü sürətlənir, qan təzyiqi artır, stress hormonları (kortizol və adrenalin) ifraz olunur. Bu mexanizm təbii müdafiə forması olsa da, tez-tez təkrarlandıqda ürək-damar sistemini yükləyir. 2014-cü ildə dərc olunmuş bir araşdırma göstərir ki, güclü qəzəbdən sonra infarkt riski 5 dəfə artır. Harvard Tibb Məktəbinin 2015-ci il araşdırması da bu riski təsdiqləyir.

Xroniki qəzəb – sakit düşmən

Sadəcə ani partlayışlar deyil, davamlı narazılıq və yığılıb qalan qəzəb də təhlükəlidir. Bu, damarların normal genişlənmə qabiliyyətini zəiflədir və ürək damarlarında kalsium toplanmasına səbəb olur. Bu da infarkt riskini artıran mühüm faktorlardandır.

Risk qrupunda olanlar daha çox diqqətli olmalıdır

Yüksək təzyiq, diabet, piylənmə və yüksək xolesterol kimi xəstəliklərə sahib olan şəxslər üçün qəzəb infarktı tətikləyən son damla ola bilər. Bu şəxslərin emosional idarəetmə bacarıqlarına diqqət yetirməsi xüsusilə vacibdir.

Niyə qəzəb “asılılıq” yaradır?

Qəzəb, müvəqqəti olaraq dopamin ifrazını artırır və bir növ "rahatlama" hissi yaradır. Ancaq bu hissə alışmaq, emosional asılılıq yarada bilər. Bu da psixi və fiziki sağlamlığa zərər verir.

Çıxış yolu nədir?

Daimi fiziki aktivlik, nəfəs məşqləri, meditasiya və psixoloji dəstək qəzəbi idarə etməyə kömək edir. Qəzəbi bastırmaq deyil, onu tanıyıb düzgün kanala yönəltmək ürək sağlamlığını qorumağın açarıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az