Yandex watch
Tənəffüs sistemi xəstəlikləri icbari tibbi sığorta hesabına

Tənəffüs sistemi xəstəliklərinin diaqnostikası və müalicəsi xəstəliyin vaxtında aşkar olunması və insan sağlamlığını qorumaq üçün vacibdir. Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində təminata alınıb.

Emlakbazari.az

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən E-saglam.az-a bildirilib ki, müasir müayinə üsulları sayəsində tənəffüs yolları xəstəlikləri dəqiq şəkildə müəyyən edilir. Rəqəmsal rentgen müayinəsi tənəffüs yollarını görüntüləməklə yanaşı, xəstəlik əlamətlərini erkən mərhələdə aşkarlamağa imkan yaradır. Spirometriya tənəffüs həcminin və sürətinin ölçülməsini əhatə edən xarici tənəffüs funksiyasının öyrənilməsi üsulu olaraq həm diaqnostik məqsədlə, həm də müalicənin effektivliyinin təyini üçün geniş istifadə edilir. Kompüter tomoqrafiyası (KT) vasitəsilə tənəffüs sistemi patologiyaları detallı şəkildə analiz olunur. Qeyd edilən müayinə metodları ilə yanaşı, tələb olunan laborator analizlərin (qanın ümumi analizi, qanın qaz tərkibinin, bəlğəmin müayinəsi və digər) icrası da icbari tibbi sığorta hesabına həyata keçirilir.

Tənəffüs sistemi xəstəliklərinin müalicəsi zamanı xəstəliyin növü, ağırlıq dərəcəsi və xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınır. Ağır hallarda xəstəxana şəraitində stasionar müalicə aparılır ki, bu da xəstələrin tənəffüs funksiyalarının bərpası üçün vacibdir.

Ağciyərlərin obstruktiv xəstəlikləri (tənəffüs yollarının daralması) zamanı xəstələrə bronxodilatatorlar, antibiotiklər, steroidlər və digər preparatlar təyin olunur və müntəzəm tibbi müayinə məsləhət görülür. Eyni zamanda, həyata keçirilən reabilitasiya xidmətləri, o cümlədən tənəffüs gimnastikası və fizioterapiya, ağciyərlərin funksional vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Xəstələrin həyat tərzinin dəyişdirilməsi, zərərli vərdişlərindən uzaqlaşmaları üçün tövsiyələr verilir. Belə kompleks tədbirlər sayəsində ağciyər xəstəliklərinin müalicəsində daha yaxşı nəticələr əldə edilir və xəstələrin həyat keyfiyyəti artırılır.

Vətəndaşlar xidmətlər zərfi ilə təminata alınan tənəffüs sistemi xəstəlikləri üzrə müayinə və müalicə metodlarından tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Qış ayları respirator xəstəliklərin artdığı bir dövrdür. Bu mövsümi xəstəliklər ağciyər və tənəffüs yolları ilə bağlı müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Bronxit, pnevmoniya (xalq arasında sətəlcəm kimi tanınır) və ağciyərlərin obstruktiv xəstəlikləri vaxtında müayinə və müalicə tələb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin - yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların vaxtında müayinə olunması önəmlidir.

E-saglam.az