Doğuşdan əvvəl aparılan ultrasəs müayinələri döl anomaliyalarının təxminən yarısını gözdən qaçıra bilir. Lakin ABŞ-da Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənən yeni süni intellekt aləti bu boşluğu aradan qaldırmağa kömək edə bilər.
E-saglam.az xəbər verir ki, yeni proqram təminatı prenatal müayinələrin dəqiqliyini artırmaq və həkimlərin işini asanlaşdırmaq məqsədi daşıyır.
Amerikalı BioticsAI startapı tərəfindən hazırlanan bu sistem mövcud ultrasəs aparatlarına inteqrasiya olunur və görüntüləri real vaxt rejimində təhlil edir. Proqram müayinə zamanı mümkün qüsurları aşkar edir, riskli sahələri qeyd edir və həkimləri dərhal məlumatlandırır. Bu, daha erkən və daha düzgün diaqnoz qoyulmasına imkan yaradır.
Ultrasəs çəkilişi aparılan kimi proqram görüntünün keyfiyyətini yoxlayır, daha aydın nəticə üçün düzəlişlər təklif edir və dölün bütün orqanlarının tam görünməsini qiymətləndirir. Əgər hər hansı hissə çatışmırsa və ya qeyri-normal görünürsə, sistem bunu qeyd edir. Qlobal məlumat bazasından öyrənilmiş nümunələr əsasında ürək və ətraf qüsurları kimi problemləri aşkar edə bilir.
Müayinə bitdikdən sonra proqram bütün tapıntıları birləşdirərək həkim üçün ətraflı hesabat yaradır. Tərtibatçıların sözlərinə görə, bu sistem hər bir xəstə üzrə sənədləşmə prosesində təxminən səkkiz dəqiqə vaxta qənaət etməyə imkan verir və tibbi işçilərin yükünü azaldır.
FDA-nın bu proqram təminatına klinik istifadə üçün tibbi cihaz statusu verməsi onun təhlükəsizlik və effektivlik standartlarına cavab verdiyini göstərir. Bu qərar həm də sistemin mövcud tibbi infrastruktura problemsiz inteqrasiya oluna biləcəyini təsdiqləyir.
Araşdırmalar göstərir ki, adi prenatal ultrasəs müayinələri hamiləliyin 11–14-cü həftələrində aparıldıqda anomaliyaların yalnız 38 faizini, 18–24-cü həftələrdə aparıldıqda isə 51 faizini aşkar edə bilir. Hər iki müayinə birlikdə tətbiq edildikdə bu göstərici 84 faizə yüksəlir. Buna baxmayaraq, hələ də ciddi boşluqlar qalır və süni intellekt bu fərqi minimuma endirməyi hədəfləyir.
Avropada da oxşar texnologiyalar mövcuddur. Fransanın "Diagnoly və Sonio Detect" şirkətlərinin hazırladığı süni intellekt əsaslı sistemlər artıq prenatal ultrasəs müayinələrində körpənin orqan strukturlarını və ürək problemlərini avtomatik şəkildə aşkar etmək üçün istifadə olunur.
Bu texnologiyalar gələcəkdə doğuşdan əvvəlki müayinələri daha dəqiq, daha sürətli və daha təhlükəsiz edərək, minlərlə körpənin sağlam doğulmasına töhfə verə bilər.
Tərcümə: Könül Oruc